Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonu, Horadiz şəhəri ərazisində partlayışın baş verməsi barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən daxil olan məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Füzuli Rayon Polis Şöbəsinin və Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 130 qram partlayıcı maddə aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Partlayış yerinin ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.