XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2016 - 22:21

Yol polisindənbayram çağırışı

yol polisi

Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadaları yollarda diqqətli olmağa çağırıb.

Bunu Milli.Az vasitəsilə vətəndaşlara müraciətində Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, bayram günləri ilə əlaqədar paytaxtdan ölkənin bölgələrinə, eləcə də rayonlardan Bakıya çoxsaylı insan axının baş verməsi gözlənilir: "Bu isə o deməkdir ki, yollarda nəqliyyatın hərəkətinin intensivliyi müşahidə olunacaq. Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə bayramın gözəl əhval-ruhiyyədə keçməsi üçün uzaq yola, səfərə çıxarkən yol hərəkəti qaydalarına ciddi əməl etmələri, yollarda müəyyən edilmiş sürət həddini aşmamaları xahiş olunur".

Şöbə rəisi piyadalara da müraciət ünvanlayıb: "İnsanlar paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun hərəkət hissəsinə çıxanda diqqətli olmalı, yolu haradan və necə gəldi keçməməlidirlər. Onlar piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən, yeraltı, eləcə də nizamlanan və nizamlanmayan yerüstü piyada keçidlərindən istifadə etməli, habelə bu günlərdə yol kənarında oynayan uşaqları da nəzarətsiz buraxmamalıdırlar".

BDYPİ sözçüsü xəbərdarlıq edib ki, bayram günləri olmasına baxmayaraq, bu ərəfələrdə yol hərəkəti qaydalarını pozanlar kimliyindən asılı olmayaraq qanunvericiliyin tələbinə uyğun cəzalandırılacaqlar.

K.Əliyev bildirib ki, yol polisi bayram və istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək.

Qeyd edək ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən, respublikada keçiriləcək Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə mart ayının 19-dan 28-dək DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş variantına keçiriləcək.

Əmrdə, həmçinin bildirilir ki, bayram ərəfəsi və bayram günlərində ictimai yerlərdə və küçələrdə post patrul naryadlarının sıxlığı artırılacaq, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanacaq.

Xatırladaq ki, Novruz bayramı ilə əlaqədar Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günləri olacaq.