Martın 18-də Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
Azərtac xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq turun qarşılaşmaları üç gün davam edəcək. Turun açılış matçında autsayder “Rəvan” doğma meydanda “Sumqayıt”ı qəbul edib.
Son iki matçda meydandan məğlub ayrılan Samir Abasovun komandası bu gün autsayderdən üç xalı almağı bacarıb. Belə ki, oyuna fəal başlayan “Sumqayıt” hesabı açan tərəf olub. Ağabala Ramazanov 8-ci dəqiqədə cərimə meydançasındakı qarışıqlıqdan istifadə edərək erkən qola imza atıb. Yarım saatın tamamında Amil Yunanov fərqi iki topa çatdırıb. Gənc futbolçu qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb.
Meydan sahiblərinin gücü isə yalnız təsəlli qoluna çatıb. Ruslan Tağızadə sonuncu dəqiqədə özünə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb -1:2.