XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2020 - 11:07

Pandemiya dövründə Azərbaycanda muzeylərin 80,3 faizi onlayn işləyib –ICOM

ICOM Azərbaycan Milli Komitəsi 3-6 avqust tarixlərində COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdəki muzeylərin fəaliyyətində yaranmış problemləri ortaya çıxarmaq və onların aradan qaldırılmasında muzeylərə dəstək məqsədilə sorğu keçirib.

ICOM Azərbaycan Milli Komitəsinin katibliyindən verilən məlumata görə, sorğuda Bakı, Naxçıvan, Gədəbəy, Astara, Masallı, Neftçala, Şabran, Xaçmaz, Bərdə, Quba, Ucar, Şirvan, Beyləqan, Yevlax və s. bölgələrdə fəaliyyət göstərən müxtəlif profilli 42 muzeydən, eləcə də rəsm qalereyaları və muzey mərkəzlərindən 59 nəfər mütəxəssis iştirak edib.

Sorğuda iştirak edənlərin 95,1 faizi dövlət büdcəsindən, 4,9 faizi isə müxtəlif mənbələrdən maliyyələşən muzeylərin əməkdaşları olub.

Sorğu nəticəsində məlum olub ki, pandemiya dövründə sözügedən mədəniyyət ocaqlarının 80,3 faizi onlayn, 6,6 faizi fiziki şəkildə fəaliyyət göstərib. Onlardan 13,1 faizi isə ümumiyyətlə, işini dayandırıb. Karantin dövründə əksər muzey işçiləri onlayn təlim və konfranslarda iştirak edib.

Muzeylər bağlı olduğu müddətdə onların ən əsas fəaliyyət istiqamətləri video mühazirələr, uşaqlar, tələbələr, böyüklər, valideynlər və müəllimlər üçün müxtəlif maarifləndirmə resurslarının, muzeyin rəqəmsal kolleksiya resurslarının təqdimatını həyata keçirmək olub.

Sorğuda iştirak edənlərin fikrincə pandemiya dövründə muzeylərin ən mühüm rolu maarifləndirmədir.

Sorğu iştirakşılarının fikrincə, mövcud karantin şəraitinin muzeylərə əsas mənfi təsirləri ziyarətin dayandırılması, normal iş fəaliyyətinin pozulması, maddi və mənəvi ziyan, layihələrin təxirə salınması sayıla bilər. Müsbət təsiri isə muzeylərin onlayn fəaliyyət sahəsində təcrübə qazanması, onlayn şəkildə maarifləndirmə işinin genişləndirilməsi, elmi araşdırmalar üçün daha çox vaxtın olması, koronavirusun yayılmasının qarşısının alınması və s.dir.

Sorğunun nəticələrinə əsasən deyə bilərik ki, COVID-19 pandemiyası dövründə muzeylərin 98,4 faizində işçilərin ixtisarı aparılmayıb. Bu müddət ərzində muzey işçiləri ən çox texniki çətinliklər, normal iş rejiminin pozulması, onlayn fəaliyyətə alışmaq, məlumatların elektron formatda olmaması, insan resurslarının, həmçinin pullu xidmətin olmaması kimi çətinliklərlə üzləşiblər.

Pandemiya muzey işində bir sıra yeniliklərə – onlayn fəaliyyətə, sosial şəbəklərdə izləyici sayının artmasına, incəsənətə marağın artmasına təkan verib.

Pandemiyadan sonra muzeylər öz normal iş rejiminə qayıtmaqla yanaşı, onlayn fəaliyyəti daha da gücləndirməyi, bu istiqamətdə yeniliklər etməyi planlaşdırır.

Sorğuya əsasən respondentlərin 57,4 faizi muzeylərin bir ay ərzində açılmasını gözləyir.