XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2016 - 18:56

Gəncədə bələdiyyə torpaqları ilə bağlı yenilik

belediyye-torpaq

Gəncənin elektron kadastr məlumat bazası hazırlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin rəisi Ramiz Quliyev məlumat verib.

Xidmət rəisi bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanda Əmlak Məsələləri Dövlət Komitəsinə 2020-ci ilədək dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi tapşırılıb.

Son illərdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkədə torpaqların elektron kadastr uçotu informasiya sistemin yaradılması, ərazilərin rəqəmsal kadastr xəritələrinin hazırlanması istiqamətlərində bir çox işlər görülüb. Belə ki, ölkənin kadastr tarixində ilk dəfə olaraq Bakı, Sumqayıt və Gəncə şəhərlərinin daşınmaz əmlakın elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin ərazilərinin rəqəmsal kadastr xəritələri tərtib edilib. Görülən işlərin məntiqi nəticəsi olaraq, “Bələdiyyələrin Dövlət Reyesterinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Gəncə şəhərinin Nizami, Kəpəz və Hacıkənd bələdiyyələrinin xəritələri hazırlanıb.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev vurğulayıb ki, aparılan dəqiq kadastr uçotu işləri nəticəsində əldə edilən məlumatlar hər bir bələdiyyənin qonşu torpaq istifadəçiləri ilə sərhədlərinin düzgün müəyyənləşdirilməsinə, bələdiyyənin hüdudları daxilindəki torpaqların təyinatının, istifadə növünün, sahəsinin müəyyənləşdirilməsinə imkan verib. Mükəmməl bələdiyyə xəritəsinin mövcudluğu hər bir torpaq parselinin hüquqi rejiminin düzgün müəyyənləşdirilməsini təmin edəcək, vətəndaşların torpaq və digər daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı prosedurunu intensivləşdirəcək, bələdiyyə torpaqlarından tam, dolğun və səmərəli istifadə üçün düzgün qərarların qəbuluna şərait yaradacaq.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.