XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

05 Sentyabr 2020 - 18:07

Senat sədri:"Pakistan həmişə Azərbaycanın yanındadır"

Bu gün Milli Məclisin Sədri Sahibə Qafarovanın Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Sancrani ilə videokonfrans formatında görüşü keçirilib.

“Report” xəbər verir ki, S.Qafarova Pakistan Senatının sədrinə görüş təşəbbüsü üçün təşəkkür edib.

S.Qafarova bildirib ki, bu, Milli Məclisin Sədri vəzifəsinə seçiləndən sonra xarici həmkarı ilə videokonfrans formatında ilk görüşüdür. O xatırladıb ki, Azərbaycanla Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılıb, 1993-cü ildə Pakistanın Azərbaycanda, 1997-ci ildə isə Azərbaycanın Pakistanda səfirliyi fəaliyyətə başlayıb.

S.Qafarova ölkələrimizin dost və qardaşlıq münasibətlərindən söz açaraq beynəlxalq arenada Pakistanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində ölkəmizə verdiyi daimi dəstəyə və işğalçı Ermənistanı dövlət olaraq tanımadığına görə təşəkkürünü bildirib.

Sədr 2013-cü ildə Pakistan Senatının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verməsini, 2012-ci ildə Senatın Beynəlxalq münasibətlər komitəsinin, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının Xarici əlaqələr üzrə daimi komitəsinin Xocalı soyqırımına dair qətnamələr qəbul etməsini məmnuniyyətlə xatırlayıb.

MM-in Sədri Azərbaycanın həmişə Pakistanın yanında olduğunu və ölkəmizin Kəşmir problemi ilə əlaqədar BMT-nin qəbul etdiyi qətnamələri əsasında həll edilməsini dəstəklədiyini diqqətə çatdırıb.

Məhəmməd Sadiq Sancrani S.Qafarovaya görüş dəvətini qəbul etdiyinə görə minnətdarlığını bildirib. Senat sədri Prezident İlham Əliyevə pandemiya dövründə Pakistana Azərbaycan tərəfindən göstərilən 1 milyon ABŞ dolları məbləğində yardıma görə təşəkkür edib.

O qeyd edib ki, hər iki ölkənin parlamentində qarşılıqlı işçi qrupları fəaliyyət göstərir və parlamentlərarası əlaqələrin inkişafında yaxından iştirak edirlər. Pakistan Senatının sədri 2018-ci ildə ölkəmizin müstəqilliyinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Azərbaycanda olduğunu və pandemiyadan sonra qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyini vurğulayıb.

Senat sədri bildirib ki, Pakistan da həmişə Azərbaycanın yanındadır və hər zaman olduğu kimi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələr əsasında həllini dəstəkləyir. Parlament sədrləri bir-birini pandemiyadan sonra öz ölkələrinə səfərə dəvət ediblər.