Bu ilin əvvəlindən indiyədək Türkiyə ərazisində 146 terrorçu danışıqlar nəticəsində könüllü təslim olub. Bu rəqəm ötən il 273 nəfər təşkil edib.
Bu barədə ölkənin Daxili İşlər nazirinin müavini İsmail Çataklı mətbuat konfransında bildirib.
O deyib ki, avqustda ölkənin daxili təhlükəsizliyi çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 81 terrorçu zərərsizləşdirilib. Onlardan 6-sı axtarışda olub. Terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinən 1452 nəfər saxlanılıb ki, onlardan 269-u həbs edilib. Bu əməliyyatlar zamanı külli miqdarda narkotik vasitə və silah-sursat aşkarlanaraq müsadirə edilib. Ötən ay ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı 12 min 160 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 16 min 241 nəfər saxlanılıb. Onlardan 1391-i həbs edilib.
Qanunsuz miqrasiyaya qarşı reallaşdırılan əməliyyatlardan danışan nazir müavini bu ilin səkkiz ayı ərzində ümumilikdə 10 min 656 miqrantın qanunsuz yollarla ölkə ərazisini keçməyə cəhd göstərdiyini bildirib. Məlumat verilib ki, onlara kömək etməkdə şübhəli bilinən 323 nəfər saxlanılıb. Həmin şəxslərin 53-ü həbs edilib. Eyni dövrdə 409 min 777 suriyalı vətəninə geri göndərilib. Hazırda Türkiyə ərazisində 3 milyon 610 min 22 suriyalı qeydiyyatdadır.
İ.Çataklı ölkədə ailədaxili şiddət və qadın cinayətləri ilə bağlı da məlumat verib. Bildirilib ki, bu istiqamətdə müəyyən tədbirlərin görülməsi nəticəsində ötən illə müqayisədə bu zəmində cinayətlərin sayı azalıb. Belə ki, bu ilin əvvəlindən indiyədək ailə münaqişəsi zəminində 169 qadın öldürülüb. Bu rəqəm ötən ilin eyni dövründə 232 nəfər təşkil edib.