Yaponiya universitetinin professoru Fizika İnstitutunda – FOTO
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda”Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi”mövzusunda seminar keçirilib.
AMEA Fizika İnstitutunun İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı Məryəm Rafaelqızının Strateq.az-a verdiyi məlumata görə, məruzəçiYaponiya Tohoku Universitetinin professoru Nurbosun Janpesiov olub
“Seminarda Beynəlxalq Fizika Mərkəzinin əməkdaşı,fizika riyaziyyat elmləri doktoru Yevgeni çulkov, AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və həmin institutun direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı iştirak ediblər. Seminarı institutun direktoru AMEA-nın müxbir üzvü Nazim Məmmədov açıb.
Daha sonra tədbir fizika üzrə fəlsəfə doktoru Elçin Cəfərovun çıxışı ilə davam etdirilib. O, məruzəçi haqqında seminar iştirakçılarına məlumat verib. Bildirib ki, əslən Qazaxıstandan olan N.Janpesiov kvant kimyası sahəsində tanınmış alimdir. O, 1999-cu ildən Yaponiyanın müxtəlif aparıcı universitetlərində çalışıb. Onun sözlərinə görə 100-dən çox elmi məqalənin müəllifi olan professorun rəhbərliyi ilə 9 aspirant müdafiə edib.
Seminar məruzəçinin çıxışı ilə davam etdirilib. İlk olaraq N.Janpesiov çalışdığı universitet haqqında məlumat verib. Bildirib ki, Tohoku Universiteti 1907-ci ildə yaradılıb. Professor o dövrdə univeristetdə cəmi üç fakültənin (kimya, riyaziyyat və fizika) fəaliyyət göstərdiyini bildirib.
Universitetin tarixi haqqında ətraflı məlumat verən N.Janpesiov elm ocağının üç əsas prinsipi haqqında danışıb. O, universitetin aparıcı prinsipinin açıq qapı prinsipi olduğunu və dünyanın müxtəlif yerlərindən tələbələrin təhsil almaq üçün buraya gəldiyini vurğulayıb. Daha sonra N.Janpesiov “Enerji materiallarının sıxlıq funksional nəzəriyyəsi (SFN) metodu ilə tədqiqi” adlı məruzə ilə çıxış edib. çıxışın sonunda mövzu ətrafında müzəkirələr aparılıb və suallar cavablandırılıb.
Seminar AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin çıxışı ilə davam etdirilib. O, bu seminarın təşkilinə görə Fizika İnstitutunun direktoru Nazim Məmmədova minnətdarlığını bildirib. Mövzunun əhəmiyyətliliyindən bəhs edən D.Tağıyev gələcəkdə fizik, kimyaçı və nəzəriyyəçilərin birgə multidissiplinarfəaliyyətini təşkil etmək məqsədi ilə Beynəlxalq Fizika Mərkəzi, Fizika və Qeyri-üzvi Kimya İnstitutları arasında razılıq əldə olunacağına ümid etdiyini bildirib. Fizika İnstitutunun AMEA-nın aparıcı elmi müəssisələrindən olduğunu vurğulayan akademik bu cür seminarların tez-tez təşkil olunmasını məqsədəuyğun hesab edib”.
Daha sonra qonaqlar İnnovasiya sektoru ilə tanış olublar. Burada quraşdırılan ən son avadanlıqlar və görülən işlər haqqında sektorun əməkdaşları ətraflı məlumat veriblər.