XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

28 Sentyabr 2020 - 22:54

Milli Məclis Sədrinin müavini:"Zəfər bizimdir!"

Ermənistan tərəfinin sentyabrın 27-dən başlayaraq həyata keçirdiyi növbəti təxribatın qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və düşmənə əks hücumda ciddi zərbə vuruldu. Ermənistan tərəfinin törətdiyi təxribatlar zamanı əsas hədəfləri mülki vətəndaşlar və onların yaşadıqları evlər olmuşdur. Bu, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş bütün prinsiplərinin pozulmasıdır.

Düşmənin bu dəfə törətdiyi təxribat yenidən onu deməyə əsas verir ki, Ermənistan tərəfi bu təxribata uzun müddət idi ki, hazırlaşırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının 75-cı sessiyasında iştirak edərkən, bir daha vurğuladı ki, Ermənistan işğalçı dövlətdir, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri bu vaxta qədər icra etmir və hazırda silah-sursat tədarükü həyata keçirir. Son xəbərdarlıqdan sonra, düşmən növbəti dəfə təxribata cəhd edərkən artıq döyüş əmri verildi. Ermənistan tərəfinin təxribat törətməkdə əsas hədəfi cəmiyyətdə çaşqınlıq yaratmaqdır. Onlar düşünmürlər ki, Azərbaycan xalqı öz Prezidentinə, ordusuna güvənir və öz torpaqları uğrunda hər an döyüşə hazırdır. Bu gün Azərbaycan Ordusunda çox yüksək əhval-ruhiyyə var. Şanlı Ordumuz zəfərdən-zəfərə doğru inamla irəliləyir.

Əhali arasında da ruh yüksəkliyi müşahidə edilir. Hazırda hər kəs Ordumuzun yanındadır, kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının ürəyi orduyla döyünür, hamı bir nəfər kimi Azərbaycan əsgərinə dəstək olmağı özünə müqəddəs amal bilir. Bu gün Azərbaycan Ordusu bütün növ müasir silah və sursatla təmin edilib, ordumuz tam komplektləşdirilib. Cəbhədə olan əsgərlərimizlə yanaşı, sayca ermənilərdən dəfələrlə çox olan Azərbaycan xalqı hər an cəbhəyə hazırdır. Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli bölmələrinə vətəndaşlarımız tərəfindən çoxsaylı müraciətlər edilir. Ali Baş Komandanın dediyi kimi, bizim başqasının torpağında gözümüz yoxdur. Hazırda aparılan döyüş isə Azərbaycanın haqq döyüşüdür, ədalətsizliyə, təcavüzə qarşı apardığı döyüşdür. Şanlı Ordumuz bizi hər an öz qalibiyyət xəbərləri ilə sevindirməkdə davam edir. Düşmənin öz itkiləri ilə bağlı real rəqəmləri gizlətməsinə baxmayaraq, açıqladıqları rəqəmlər belə onların məğlubiyyətini bir daha göstərir. Yalnız sentyabrın 27-də həyata keçirilən əməliyyatlar zamanı 7 yaşayış məntəqəsi və 2 hündürlük düşməndən azad edilmişdir. Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi əməliyyat nəticəsində Murov zirvəsinin, işğal olunmuş ərazilərimizi Ermənistanla birləşdirən hərbi əhəmiyyətli avtomobil yolunun azad edilməsi, vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülməsi qeyd olunan ərazilərdə düşmənin hərəkət etməsinin qarşısını almağa imkan yaradır. Talış kəndi ətrafında olan yüksəkliklərin düşmən işğalından azad edilməsi ilə əlaqədar paylaşılan məlumatlardan görünür ki, düşmənə çox ağır zərbələr vurulmaqdadır. Ərazilərimizin işğaldan azad olunması uğrunda əməliyyatlar davam edir.

Əldə olunmuş uğurlar, işğaldan azad edilən ərazilərimiz, ordumuzun şücaəti və göstərdiyi qəhrəmanlıqlar, xalqımızda Ali Baş Komandana və Ordumuza olan inam bir daha onu deməyə əsas verir ki, Zəfər bizimlədir! Tezliklə bütün xalqımız Böyük Qələbəni bayram edəcək! Yaşa Azərbaycan Ordusu!!! Yaşa Azərbaycan əsgəri!!!

Adil Əliyev
Milli Məclis Sədrinin müavini