XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

30 Sentyabr 2020 - 23:59

Qənirə Paşayeva:“Paşinyan siyasi cəhətdən qeyri-yetkin olduğunu göstərdi”

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiyanın məşhur “Rossiya-1” telekanalının populyar “60 dəqiqə” proqramına müsahibə verdi. Dövlət başçısı indiki – mübaliğəsiz taleyüklü xarakter daşıyan çox önəmli dövrdə verilən müsahibə sentyabrın 27-də Ermənistanın növbəti hücum cəhdi, hərbi avantürası nəticəsində yenidən alovlanan müharibə haqqında həqiqətləri rusdilli auditoriyaya çatdırdı”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q.Paşayeva deyib ki, Prezident ilk növbədə Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırıb: “Rusiyada məskunlaşmış yüz minlərlə erməninin, bütün rusdilli auditoriyanın da həqiqəti bilməsi baxımından bu müsahibənin özünəməxsus önəmi var. Məhz bir çox rusdilli KİV-in yanlış təbliğat apardığı ortamda həqiqətlərin dövlət başçısı tərəfindən söylənməsi özlüyündə bir fürsət oldu. Əlbəttə, fürsətkar, hiyləgər, riyakar və ən əsası, işğalçı Ermənistan hakimiyyəti ilə müqayisədə bizim ən əsas silahımız haqlı olmağımız, məhz həqiqətin özünü deməyimizdir. İkinci silahımız, üstünlüyümüz isə işğala məruz qalan tərəf olsaq da, daha güclü olmağımızdır. Bax, bu iki amil auditoriyanı düşündürməyə bilməz. Haqlıyıq, amma haqsızla eyni yanaşma görür, bir çox halda ikili standartla qarşılaşırıq, haqsızın güclü diaspor və lobbi təzyiqi, təbliğatı ilə üz-üzəyik. Habelə, güclüyük, amma torpaqlarımız 30 ilə yaxındır işğal altındadır, sülh danışıqlarında uzun illər iştirak etmişik və nəticəsiz olsa da, kövrək sülh danışıqları məhz Ermənistan tərəfindən pozulub”.

Komitə sədri qeyd edib ki, Ermənistan silahlı qüvvələri yenə də hərbi obyektlərlə yanaşı, mülki obyektləri, dinc əhalini hədəfə alıb: “Belə olan halda, Azərbaycan Silahlı Qüvvələrinin adekvat cavab verməkdən başqa yolu qalırdımı?! Özü də, nəzərə alsaq ki, döyüşlər Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca deyil, respublikamızın beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin dərinliklərində gedir”.

Q.Paşayeva Prezident İlham Əliyevin tutarlı, peşəkar, səlis cavabları qarşılığında guya “demokrat” Nikol Paşinyanın eyni kanal, eyni proqramdakı çıxışının sönük, dolaşıq, təkrarçı və faktoloji bazadan məhrum olduğunu söyləyib: “Bu, Paşinyanın həm siyasi cəhətdən qeyri-yetkin olduğunu, həm də, müdafiə etdiyi mövqenin heç bir tənqidə dözmədiyini aydın göstərdi. Paşinyan istər “Münhen debatı”nda, ondan öncə “Aşqabat dəyirmi masa”sında, istərsə də, BBC-nin “Hard Talk” proqramında olduğu kimi, “Rossiya-1”də bir daha öz səbatsızlığının və haqsızlığının aqibətini yaşadı. Azərbaycan Prezidenti “Rossiya-1” efirində Ermənistanın son hücumlarından, hərbi təxribatlarından müharibənin tarixinə, mahiyyətinə güzgü tutaraq, Rusiya ictimaiyyətinin diqqətini həqiqətlərə cəlb etdi. Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin avtoritar, diktator mahiyyətini – demək ki, mahiyyətsizliyini ifşa etdi, Paşinyanın hakimiyyətə gəlməsini “siyasi layihə” kimi şərh edərək, onu əlaltı adlandırdı. Dövlət başçımız öz fikrini, Ermənistanda daxili siyasi böhranın hökm sürməsi, bu böhranın Paşinyanın 2 il öncə çoxlu vədlər verərək hakimiyyətə gəlməsi ilə əlaqələndirərək, “Paşinyana bir xarici amil, qarışıqlıq lazım idi ki, əhalinin diqqətini yayındırsın” şəklində ifadə etdi. Müsahibədə diqqətçəkən başqa bir məqamsa Prezidentin rusdilli auditoriyanın nüfuzlu efirində də Azərbaycana mənəvi dəstək verən qardaş Türkiyənin maraqlarını qoruması, qardaş ölkəni Ermənistanın və erməniyanlıların haqsız “media hücumu”ndan müdafiə etməsidir. Prezidentin gətirdiyi tutarlı faktlar qarşı tərəfin “feyk-nyus” tirajlamalarını, o cümlədən, qardaş ölkənin hərbi arsenalında olan “F-16”-ların döyüş əməliyyatlarında iştirakı, respublikamıza Suriyadan muzdlular gətirilməsi barədə iddiaları puç etdi. Prezident bəyan etdi ki, Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır. İnanıram ki, Azərbaycan Prezidentinin “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramı aparıcılarının suallarına tutarlı cavabları yalnız respublikamızda deyil, xarici medianın da diqqətində olacaq. Bizim işimiz haqq işidir, biz qalib gələcəyik”.