Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə təxribatlar törətməsi, yaşayış məskənlərimizi atəşə tutması nəticəsində hərbçilərimiz, eləcə də mülki əhali arasında həyatını itirənlər və yaralananlar olub. Ermənistanın sivil dəyərlərdən kənar hərəkətlərinə qarşı şanlı Azərbaycan Ordusu layiqli cavab tədbirləri görüb, düşmənin xeyli sayda canlı qüvvəsini və döyüş texnikasını məhv edib, işğal olunmuş bir sıra ərazilər, strateji əhəmiyyətli yüksəkliklər geri qaytarılıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Azərtaca bildiriblər ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə uğurlu əməliyyatların həyata keçirildiyi bu günlərdə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar, şirkətlər, fərdi vətəndaşlar, qeyri-hökumət təşkilatları orduya dəstək məqsədilə müxtəlif vasitələrlə yardımlar edirlər.
Bununla əlaqədar olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 5 oktyabr tarixli qərarı ilə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına 350 min manat vəsait ianə edilib.
Bundan başqa, İcraiyyə Komitəsinin digər qərarı ilə Naxçıvan Muxtar Respublikasında yaşayan, döyüşlər nəticəsində qəhrəmancasına həlak olmuş şəhidlərin ailələrinə kömək göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 50 min manat maddi yardım olunub.