XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 11:12

“Yaponiya Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir”- Toşiyuki Fucivara

Dost Azərbaycan xalqını çox sevən biri olaraq, Dağlıq Qarabağ probleminin tezliklə həll olunmasını arzulayıram. Uzun illər davam edən bu münaqişədə xalqınızın hiss etdiyi ağrı və acılara üzülürəm. Dağlıq Qarabağ regionunun tezliklə əvvəlki vəziyyətə, yəni Azərbaycanın tərkibinə qayıtmasını diləyirəm.

Bu sözləri Azərtac-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində 1999-2002-ci illərdə Yaponiyanın Azərbaycanda səfiri olmuş Toşiyuki Fucivara deyib. Yaponiyanın da bir sıra ətraf ölkələrlə ərazi mübahisəsinə malik olduğunu xatırladan sabiq səfir bu problemin həlli üçün dünya təcrübəsində iki yolun olduğunu deyib. Bunlardan birinin danışıqlar, digərinin isə müharibə yolu olduğunu qeyd edib. Bildirib ki, Yaponiya həmin mübahisələri həll etmək üçün müharibə yolunun əleyhinədir. Çünki II Dünya müharibəsində məğlub olan Yaponiya son Konstitusiyasına görə problemlərin həll olunması vasitəsi kimi müharibədən istifadə edə bilməz. Buna görə də biz bu məsələlərin həlli üçün qonşularımızla danışıqlara üstünlük veririk.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin artıq uzun müddətdir ki, davam etməsinin düzgün olmadığını vurğulayan T.Fucivara bunun işğal edilmiş ərazilərdən qovulmuş insanlara qarşı böyük bir ədalətsizlik olduğunu bildirib. O deyib ki, ərazilərin işğal altında saxlanması yolverilməzdir və buna görə də münaqişə edən tərəflər problemin həllinin sivil formalarından istifadəyə üstünlük verməlidirlər. Əks halda tərəflər arasında baş verən silahlı qarşıdurma daha da dərinləşəə və Dünya müharibəsinədək gedib çıxa bilər.

Hazırda davam edən silahlı qarşıdurmanın dünyanın enerji təhlükəsizliyinə bir təhdid olduğunu diqqətə çatdıran sabiq diplomat bunun nəzərə alınmasının vacibliyini bildirib. Qeyd edib ki, döyüşlərin Avrasiya məkanının iqtisadiyyatı üçün həyati əhəmiyyətə malik neft və qaz boru kəmərlərinə yaxınlığı bu kəmərlər üçün böyük təhdiddir və buna maksimum dərəcədə diqqət yetirilməlidir. Azərbaycan neft və qazının ixrac edildiyi ölkələrə daha diqqətlə yanaşaraq, məhz bu dövlətlərdə yaranan təhlükə ilə bağlı xəbərdarlıq çağırışları etməlidir. Həmin dövlətlərin rəhbərlərinin münaqişənin həlli yolunda daha fəal çalışmasına nail olmalıdır.

Ermənistan ordusunun Azərbaycan şəhərlərinə raketlərlə hücumunun yolverilməz olduğunu vurğulayan sabiq diplomat, bunun beynəlxalq qanunları, Cenevrə konvensiyasının prinsiplərini pozduğunu da xatırladıb.

İstər Yaponiya, istərsə də bir sıra Avropa ölkələrinin mətbuatının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda verdiyi məlumatların əsasən erməni mövqeyinə yaxın olmasına diqqət çəkən keçmiş səfir, bunun üçün Azərbaycan tərəfinin səsini daha ucadan qaldırmasını istədiyini deyib. Bildirib ki, azərbaycanlı dostlarının öz haqq səslərini çatdırması üçün həm dünya mediasına, həm də BMT daxil olmaqla bütün beynəlxalq təşkilatlara daha sıx müraciət etməsinə ehtiyac olduğunu düşünür. Onları bu istiqamətdə daha ciddi şəkildə çalışmağa çağırır.

Yaponiya hökumətinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirən T.Fucivara problemin həlli üçün sərhədlərin keçmiş sovet dövründəki halına qayıtmasını və bundan sonra problemin həlli üçün tərəflərin ATƏT-in Minsk qrupunun iştirakı ilə masa arxasında oturaraq müzakirələr aparmasını arzuladığını bildirib.