XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 17:55

ÜST:"Pandemiya davam etdikcə psixi pozuntulardan əziyyət çəkənlərin sayı da artacaq"

COVID-19 pandemiyası şəraitində getdikcə daha çox insanda psixoloji dəstəyə ehtiyac yaranır. Bu dəstəyi əldə etmək imkanları isə getdikcə azalır. İyun-avqust aylarında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən keçirilmiş sorğuda iştirak edən ölkələrin 93 faizində psixoloji yardım proqramları bu və ya digər dərəcədə ləğv edilib.

“Yaxşı psixi sağlamlıq insanın ümumi sağlamlığının və rifahının rəhnidir. Bütün dünyada COVID-19 kritik psixoloji yardımın göstərilməsini məhz onun vacib olduğu anda pozdu”, – deyə ÜST–nin Baş direktoru Tedros Qebreyesus qeyd edib. O, hökumətləri pandemiya dövründə də, gələcəkdə də həyati vacib psixoloji yardım proqramlarını dəstəkləməyə çağırıb.

Hazırkı tədqiqat bu qəbildən olan ilk sorğudur və 130 ölkəni əhatə edir. Onun məqsədi COVID-19 pandemiyasının əhaliyə psixi yardım xidmətlərinə necə təsir göstərdiyini və hökumətlərin bu sahəni gücləndirmək üçün hansı tədbirləri həyata keçirdiyini öyrənmək idi.

Ölkələrin 60 faizindən çoxu əhalinin xüsusilə zəif qruplarına – uşaq və yeniyetmələrə, yaşlı insanlara, hamilələrə yönəlmiş məsləhət və psixoterapiya proqramlarını pozmalı olduqlarını bildirib.

Dövlətlərin üçdəbirindən çoxu fövqəladə hallarda belə tam yardım göstərə bilmir. Ölkələrin 65 faizi narkotik aludəçiləri üçün zərərin azaldılması proqramlarını davam etdirə bilmir.

Ölkələrin üçdəbiri zehni və nevroloji xəstəlikləri olan insanlar üçün dərman almaqda çətinliklər olduğunu bildirib. Ölkələrin böyük əksəriyyətində (75 faizdən çox) məktəblərdə və iş yerlərində psixoloji xidmətlər müəyyən qədər kəsilib.

ÜST pandemiya dövründə psixoloji yardım daxil olmaqla səhiyyə xidmətlərinin necə aparılması ilə bağlı tövsiyələr hazırlayıb. Mütəxəssislər bunun ümumi bərpa planlarına daxil edilməsini və müvafiq olaraq lazımi vəsaitin ayrılmasını təklif edirlər. Bu günə qədər ölkələrin 89 faizi zehni sağlamlığı milli planlara daxil etdi, ancaq yalnız 17 faizi bu proqramlar üçün lazımi maliyyəni təmin edib.

COVID-19-dan əvvəl aparılan qiymətləndirmələrə görə, yalnız depressiya və narahatlıq sindromu nəticəsində dünya iqtisadiyyatı hər il trilyon dollar itirir. Belə halların müalicəsinə sərf olunan hər dollar beş dollar gəlir gətirir. ÜST bildirir ki, pandemiya davam etdikcə psixi pozuntulardan əziyyət çəkənlərin sayı da artacaq, buna görə psixi sağlamlıq sahəsinə təcili maliyyə dəstəyi göstərilməsi həmişə olduğundan daha vacibdir.

Yeni tədqiqatın nəticələri oktyabrın 10-da qeyd ediləcək Ümumdünya Psixi Sağlamlıq Günü ərəfəsində nəşr olunur. Həmin gün ÜST dünya liderlərinin, fəalların, məşhurların iştirakı ilə geniş miqyaslı onlayn tədbir təşkil edəcək. Tədbirin məqsədi problemə diqqət çəkmək, psixoloji və ya zehni problemləri olan insanlara dəstək vermək üçün vəsait toplamaqdan ibarətdir(azərtac).