XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2020 - 11:49

Ümumdünya Səhiyyə Təşkilatı:"Dünyada hər on nəfərdən biri koronavirusa yoluxmuş ola bilər"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bildirib ki, dünya əhalisi arasında orta hesabla hər on nəfərdən biri koronavirusa yoluxmuş ola bilər.

Maykl Rayanın sözlərinə görə, bu, rəsmi olaraq 35 milyon yoluxmanın fonunda “kölgə“ rəqəminin təxminən 700 milyon nəfərə bərabər olması deməkdir. Əhali arasında artıq yoluxmuş insanların sayı ölkədən-ölkəyə dəyişdiyi kimi, burada şəhər-əyalət tənasübü, eləcə də sosial qrup fərqləri də mövcuddur. “Kölgə“ rəqəminin belə yüksək olmasına baxmayaraq, dünya əhalisinin olduqca böyük bir hissəsi koronavirusa yoluxmaq təhlükəsi ilə üzləşə bilər. Bir dəfə virusa yoluxmuş şəxsdə hansı müddətə təkrar yoluxmaya qarşı immunitet olması da qəti şəkildə tədqiq edilə bilməyib.

ÜST-nin psixi sağlamlıq üzrə direktoru Devora Kestel pandemiyanın insanlara psixi təsirləri barədə də xəbərdarlıq edib. Qeyd edilib ki, 130 ölkə üzrə aparılan rəy sorğusunda bu ölkələrin 83 faizi pandemiyaya reaksiya planlarına psixi sağlamlıq tədbirlərinin daxil edildiyini təsdiqləsə də, ölkələrin yalnız 17 faizi bu istiqamətdə büdcə vəsaitləri ayırıb.

Psixikanın COVID-19-un unudulmuş aspekti olduğunu bildirən ekspert yaxınlarının vəfatı, tənhalıq, gəlirlərin itirilməsi və yoluxma qorxusunun insanlarda psixi xəstəliklərə tutulma ehtimalını artırdığını və ya mövcud xəstəliklərin kəskinləşməsinə səbəb olduğunu diqqətə çatdırıb. İnsanların bir çoxunun bu kimi gərgin vəziyyətlərdə alkoqol və narkotik vasitələrə üstünlük verməsi, yuxusuzluq və qorxu keçirməsi onların problemini daha da dərinləşdirir(azərtac).