XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

06 Oktyabr 2020 - 12:24

Bakı Ali Neft Məktəbi:"Rektor Elmar Qasımov əsgər ailəsini ziyarət edib" - FOTO

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün hərbi xidmətə yollanan yüzlərlə çağırışçı arasında Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşları da var.

Strateq.az xəbər verir ki, BANM-in Elektron Tədris şöbəsinin əməkdaşı Ağasəlim Qafarov da könüllü olaraq ordu sıralarına qoşulub. O, hazırda xidməti vəzifəsini yerinə yetirmək üçün cəbhə bölgəsindədir.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, prorektorlar və əməkdaşlar Ağasəlim Qafarovun ailəsini ziyarət ediblər.

Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün işğal olunmuş ərazilərimizin azad edilməsi istiqamətində Azərbaycan ordusunun böyük şücayət göstərdiyini bildirib. O, bu haqq savaşında Azərbaycan əsgərlərinin, hərbiçilərinin tarix yazdığını, Ağasəlim kimi minlərlə gəncin 30 ilə yaxındır ölkəmizə qarşı davam edən ədalətsizliyə son  qoyulmasında rəşadətlə vuruşduğunu qeyd edib.

 “Ağasəlim Qafarov çalışdığı müddətdə öz bilik və bacarığı, texniki savadı və nizam-intizamı ilə fərqlənib. Onun intellektual kadr və müfəssəl əsgər kimi ordumuz üçün faydalı olacağına əminəm. Fəxr edirəm ki, tezliklə əldə edəcəyimiz böyük qələbədə Bakı Ali Neft Məktəbinin əməkdaşlarının və məzunlarının da payı olacaq”.

Ağasəlim Qafarovun anası Sofiya Qafarova belə həssas dönəmdə göstərilən diqqət üçün təşəkkür edib, son günlər ordumuzun zəfər xəbərlərindən ruhlandığını və bu qələbənin bir parçası olduğu üçün oğlu ilə fəxr etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbinin 10-dan çox məzunu və əməkdaşı hərbi xidmətdədir.

Onlar arasında könüllü olaraq yenidən hərbi xidmətə yollananlar da var.