XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Mart 2016 - 17:58

Kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Uzun sürən ağır xəstəlikdən sonra görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, professor, elmlər doktoru, kinorejissor Tofiq İsmayılov martın 25-də dünyasını dəyişib.

Trend xəbər verir ki, Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Teatr Institutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin ikiillik ali kurslarında təhsil alıb.

Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaçılar Teatrında aktyorluqdan başlayıb. 1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Uzun illər ərzində onlarla bədii filmlərə quruluş verib.

O milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur. O, 1971-ci ildən M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq kafedrasında çalışıb, kafedraya rəhbərlik edib.

1994-cü ildən Türkiyənin Memar Sinan adına Gözəl Sənətlər Universitetinin professoru, eyni zamanda İstanbulun Böyük Şəhər Bələdiyyəsində mədəniyyət işləri üzrə müşaviri olub.

Tofiq İsmayılov iki qardaş ölkə arasındakı mədəni əlaqələrin möhkəmləndirilməsinə böyük xidmət göstərib Azərbaycan ədəbiyyat və incəsənətinin Türkiyədə təbliğ etmək üçün çox iş görüb, çoxsaylı teatr və kino festivallarının, ədəbiyyat günlərinin, təqdimatların təşkilatçısı olub. 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Tofiq İsmayılov 25 davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışıb, bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunmuş filmləri qeyd etmək olar. O, “Türk xalqarının kino tarixi” üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitabları dərc etdirib. Əsərləri xarici ölkə xalqlarının dilində nəşr olunub.

Tanınmış rejissor, təcrübəli pedaqoq və səmimi insan Tofiq Hüseyn oğlu İsmayılovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!