XƏBƏR LENTİ

24 Oktyabr 2020

Digər Xəbərlər

07 Oktyabr 2020 - 19:33

Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri “Amnesty İnternational”a müraciət ünvanlayıb

Ədliyyə naziri yanında İctimai Komitənin üzvləri (http://justice.gov.az/categories/196) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, cəbhə xəttində yaranmış vəziyyətlə bağlı “Amnesty  İnternational” təşkilatının rəhbəri Julie Verhaara müraciət ünvanlayıblar.

İctimai Komitədən APA-ya verilən məlumata görə, müraciətdə deyilir:

“Bu il 27 sentyabr tarixindən etibarən Ermənistanın silahlı qüvvələri müxtəlif növ artilleriya və raket qurğularından istifadə etməklə Azərbaycan Respublikasının dinc əhalisinin kompakt yaşadığı rayon və şəhərlərini, mülki infrastruktur obyektlərini intensiv atəşə tutmağa başlayıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın hərbi təxribatlarının qarşısını almaq, işğalçıların, terrorçuların Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarılmasını təmin etmək məqsədilə əks-hücum əməliyyatları aparılır.

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğal edilməsini davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiqləyən 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe sərgiləyiblər. Lakin Ermənistan bu günədək BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə  əməl etmir. Azərbaycanın davamlı sülhə nail olmaq üçün substantiv danışıqlara başlanılması ilə bağlı çağırışları və təşəbbüsləri nəticəsiz qalıb.

Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti bu günlərdə özünü daha qabarıq biruzə verir. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin dinc əhali və yaşayış yerlərini müxtəlif artilleriya sistemlərindən istifadə etməklə atəşə tutması nəticəsində 27 mülki şəxs həlak olub, 141 nəfər  müxtəlif dərəcəli bədən xəsarətləri alıb, çoxsaylı yaşayış evlərinə və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.  Azərbaycanın ikinci böyük şəhəri  Gəncə, həmçinin Mingəçevir şəhəri, Beyləqan, Bərdə, Ağcabədi, Goranboy və digər rayonlar istifadəsi qadağan edilmiş raket və qurğulardan  atəşə tutulub.  Oktyabrın 4-də isə hərbi əməliyyatlardan uzaq məsafədə yerləşən Xızı və Abşeron rayonlarına iki ortamənzilli raket atılıb.  Ermənistan silahlı qüvvələrinin mülki və strateji obyektlər də daxil olmaqla bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş yüksək dağıdıcı qüvvəyə malik silahlar təbiq edir.

Bu bir daha göstərir ki, işağlın davam etməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regionda sülh və təhlükəsizlik üçün başlıca təhdiddir”.

Müraciətin sonunda hüquq müdafiəçiləri “Amnesty İnternational” təşkilatının obyektiv mövqe nümayiş etdirəcəyinə və öz münasibətini açıqlayacağına ümidvar olduqlarını ifadə ediblər.