XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

08 Oktyabr 2020 - 21:35

Füzulidə Ermənistan silahlı qüvvələrinin atdığı ağ fosforlu tüstülü mərmi aşkarlanıb- FOTO

Oktyabrın 8-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil əməliyyat qruplarının Füzuli rayonu ərazisində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 122 millimetrlik tüstülü top mərmisi (D-4) aşkarlanıb.

ANAMA-dan Trend-ə bildiriblər ki, mərminin tərkibində 3,6 kiloqram ağ fosfor (P-4) var. Bu cür mərmilərin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır.

Sentyabrın 27-dən oktyabrın 8-dək ANAMA tərəfindən 339 siqnal (əməliyyat çağırışı) əsasında 313 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İstilik Elektrik Stansiyasının ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 73 ədəd partlamamış hərbi sursat, 598 ədəd bombacıq, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 2 ədəd kamikadze dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 100 ədəd partlamış raket hissələri aşkarlanıb.