XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2020 - 14:27

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib –Təhsillə bağlı müzakirələr aparılıb

Oktyabrın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmas xəttində vəziyyət barədə fikirlərini açıqlayıb.

Komitə sədri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə də toxunub, fikirlərini söyləyib.

Bəxtiyar Əliyev bildirib ki, gündəliyə “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” birinci oxunuşda sənədlərin müzakirəsi daxil edilib.

“Təhsil haqqında” qanun layihəsinə dəyişikliklə bağlı qeyd edib ki, təklif olunan düzəlişlər qanunun bəzi müddəalarının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, qanunun müvafiq maddələrində “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası” anlayışının daxil edilməsi, eləcə də, “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bildirib ki, bununla da ali təhsil diplomlarının tanınması proseduru təkmilləşdiriləcək, tanınan sənədlərin əhatə dairəsi genişləndiriləcək, ali təhsilə aid olan və ya ali təhsilə qəbul olunmaq imkanı verən subbakalavr diplomlarının da tanınma imkanı və proseduru yaradılacaq.

Komitə sədri qeyd edib ki, xarici ölkələrin səlahiyyətli orqanları tərəfindən verilmiş subbakalavr diplomlarının tanınması ilə xaricdə bu təhsili almış vətəndaşlarımızın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin təhsillərini ölkəmizdə təhsilin növbəti pillələrdə davam etdirmək imkanları yaranacaq.

Müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğun olaraq hazırlanıb və terminalogiyanın eyniləşdirilməsi məqsədi daşıyır. Qeyd edilib ki, həmin qanunda kvalifikasiya anlayışı belə verilir “kvalifikasiya – şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunun dövlət təhsil sənədi ilə təstiq edilməsidir”.

Sonra komitənin sədr müavini Musa Qasımlı, deputatlar İsa Həbibbəyli, Etibar Əliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Eldar Quliyev, Tamam Cəfərova, Afət Həsənova, Anar İsgəndərov, Fatma Yıldırım, Kamilə Əliyeva sənədlərlə bağlı fikirlərini söyləyib, təkliflərini bildiriblər.

Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.