XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

22 Oktyabr 2020 - 21:26

İlkin tibbi-sanitariya yardımının göstərilməsi qaydasında nələr dəyişəcək? –Yeni təklif

İcbari tibbi sığorta ilə əlaqədar ilkin tibbi-sanitariya yardımın göstərilməsi qaydası dəyişir. 

Bu, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, ilkin tibbi-sanitariya yardımı – əhali arasında geniş yayılmış və ixtisaslaşdırılmış yardım tələb etməyən halların və xəstəliklərin diaqnostikası və müalicəsi, tibbi profilaktik tədbirlərin həyata keçirilməsi, ana və uşaqların sağlamlığının mühafizəsi, tibbi–sanitar maarifləndirmə işinin apaprılmasından ibarət tibbi yardım növü kimi qeyd edilir.

İlkin tibbi-sanitariya yardımı “Tibbi sığorta haqqında” qanuna uyğun olaraq, həyata keçiriləcək. İlkin tibbi-sanitariya yardımın təşkili və göstərilmə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Qüvvədə olan qanuna əsasən, ilkin tibbi-sanitariya yardımı hər vətəndaş üçün pulsuz göstərilən tibbi xidmət növü idi.

Bu xidmətə geniş yayılmış xəstəliklərin, eləcə də travmaların, zəhərlənmələrin və digər təxirəsalınmaz yardım tələb edən xəstəliklərin müalicəsi;

ilkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən psixi pozuntuların müalicəsi;

sanitariya-gigiyenik və əksepidemik tədbirlərin keçirilməsi, ictimai təhlükəli xəstəliklərin tibbi profilaktikası;

ailənin, valideynlərin, uşaqların mühafizəsi və yaşayış yerində tibbi-sanitariya yardımının göstərilməsinə dair digər tədbirlər daxil edilirdi.

İlkin tibbi-sanitariya yardımı dövlət səhiyyə sisteminin müəssisələri, eləcə də sanitariya-epidemioloji xidmət müəssisələri tərəfindən təmin olunurdu.

Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatları ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr əsasında ilkin tibb-sanitariya yardımı göstərirdilər.

Qeyd edək ki, qanun layihəsi “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” 2019-cu il 3 dekabr tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Tibbi sığorta keçidlə əlaqədar icbari tibbi sığorta olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə tutulduğu hallarda icbari tibbi sığorta haqları hesabına, digər hallarda isə dövlət büdcəsi hesabına (tibbi yardımın dövlət büdcəsinin vəsaiti hesabına göstərilməsi qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda) göstəriləcək. Hazırda vətəndaş üçün pulsuz tibbi yardım kimi görünsə də, həmin yardımın dəyəri tibb müəssisəsinə dövlət büdcəsi hesabına ödənilir. Bu, tibb işçilərinin əmək haqqı, tibb müəssisəsinin saxlanılması və sair xərclər formasında ödənilir. Tibbi sığortanın tətbiqi isə eyni zamanda tibb müəssisələrinin və tibbi yardımın maliyyələşdirilməsi qaydasını da dəyişmiş olur.

Qanun layihəsi Milli Məclisin oktyabrın 27-də keçiriləcək iclasının gündəliyinə daxil edilib/APA.