XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Mart 2016 - 14:04

Tanınmış vəkil Elçin Sadıqovİlham Əliyevə müraciət etdi

Elçin Sadıqov

Tanınmış vəkil Elçin Sadıqov prezident İlham Əliyevə açıq məktubla müraciət edib. Müraciətdə deyilir:

"Möhtərəm Prezident!

Mən Sadıqov Elçin Əli oğlu 2006-cı ildən başlayaraq vəkillik fəaliyyəti ilə məşğulam. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm. On illik fəaliyyətim dövründə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə etmişəm. Hər zaman ölkəmizin qanunlarına uyğun olaraq reallaşdırdığım fəaliyyətim daim cəmiyyətin gözü önündə olub, insanlar fəaliyyətimlə bağlı həmişə razılıq hisslərini ifadə ediblər.

Möhtərəm Prezident!

Sizə müraciət etməyimin əsas səbəbi son zamanlar şəxsimə, habelə yaxınlarıma, əzizlərimə qarşı məhz vəkillik fəaliyyətimlə bağlı olaraq əsassız, iftiralarla dolu, böhtan məzmunlu kampaniyanın aparılmasıdır.

Heç zaman əlaqədə olmadığım, tanımadığım, yaxınlarımın da tanımadığı bir qrup şəxs 2015-ci ilin yazından etibarən Vəkillər Kollegiyasına barəmdə şikayətlər yazmaqla bu kampaniyaya start veriblər. Kollegiyaya şikayətlərdə bir qayda olaraq mənim siyasi məzmunlu məhkəmə işlərində də müdafiəçi qismində çıxış etməyim vurğulanıb, bu amili mənim əleyhimə yönləndirməyə çalışıblar. Sırf vəkillik fəaliyyətimə görə barəmdə əsassız intizam icraatı başlanıb. Halbuki, mən vəkiləm, mənim üçün müdafiə etdiyim vətəndaşların şəxsiyyəti, mövqeyi, ideya və baxışları heç vaxt ön planda olmayıb, mənim üçün ən önəmlisi təbii ki, hər zaman pozulan hüquqların bərpası olub.

Möhtərəm Prezident!

Son günlər mənə qarşı aparılan kampaniya daha da intensivləşməyə başlayıb. Mənə, əzizlərimə iftira, böhtan atan, yalan, ləkələyici informasiyalar yayan şəxslər telekanallara da çıxış əldə ediblər. Azərbaycanın milli telequruluşlarından olan ANS telekanalının efirindən mənə və yaxınlarıma qarşı heç bir hüquqi əsası olmayan, zamanında hüquq mühafizə qurumlarının araşdırmaları ilə təkzib edilən bilgilər həqiqət kimi cəmiyyətə ötürülüb. Yaxınımın adı övladını itirdiyi güman edilən valideynlərin hisslərindən məkrli məqsədlərlə, sui-istifadə edilməklə əsassız olaraq cinayət olayı ilə hallandırılıb. Halbuki, sözügedən əsassız iddialar zamanında hüquq mühafizə qurumları tərəfindən araşdırılıb və öz təsdiqini tapmayıb. Hazırda belə əsassız məlumatlar mənim peşə fəaliyyətimə görə yenidən gündəmə gətirilib və mənim gözdən salınmağım, əsassız təqib olunmağım üçün istifadə olunmaqdadır.

Möhtərəm Prezident!

Mənə qarşı olan iftira kampaniyasının son zamanlarda həm telekanallara, həm də nüfuzlu media quruluşlarına keçməsi, hesab edirəm ki, bu kampaniyanın arxasında tanıyıb-bilmədiyim yuxarı səviyyəli şəxslərin dayanması ilə bağlıdır. Bu səbəbdən düşünürəm ki, heç bir hüquqi ölçüyə sığmayan bu kampaniyaya son verilməsi üçün ən doğru yol əlaqəli dövlət qurumlarının müdaxiləsi olardı. Sizə müraciətimin əsas səbəbi də budur.

Möhtərəm Prezident!

Müstəqil vəkillik demokratik cəmiyyətlərin özəyini təşkil edir. Konstitusion vəkillik fəaliyyətinə görə, insanları təqib etmək, onlara təzyiq göstərmək, nüfuzdan salmaq, ləkələmək yolverilməzdir. Sizdən mənə qarşı aparılan təyziq kampaniyasının ədalətli araşdırılması, ona son qoyulması üçün gərəkli addımların atılmasını təmin etmənizi xahiş edirəm".