XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 May 2015 - 05:12

Siyavuş Novruzov: “Kim öz ayranına turş deyir? Kim özünün işini nöqsanlı saya bilər?” – Mövqe

siyavush.jpg

“Məmurlar da ona görə bu vəzifələrə təyin olunublar ki, insanların xidmətində dursunlar. Təyin olunmayıblar ki, insanları dövlətdən narazı salsınlar. Kim bu yolu tutacaqsa, təbii ki, ali icra hakimiyyətinin başçısı olan cənab prezident öz səlahiyyətləri çərçivəsində həmin şəxsləri tutduğu vəzifədən azad edəcək və sərt şəkildə cəzalanacaqlar”.

Strateq.az bildirir ki, bu barədə YAP icra katibinin müavini Siyavuş Novruzov musavat.com-a Binəqədi rayonunda yanmış binaya görə məsuliyyəti olanlar barədə danışarkən bildirib: “Cənab prezident hər dəfə keçirtdiyi müşavirələrdə yaradılan hər bir şeyin insanlar üçün olduğunu deyir və bütün məmurların insanların xidmətində olması barədə tapşırıqlarını verir. Yəni bütün hallarda ən əsas faktorun insan faktoru olması prezident tərəfindən dəfələrlə vurğulanıb”.

Binəqədi rayonunda yanan binanın timsalında konkret faciənin baş verdiyini və ardınca Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun adlarının cəzalandırılacaq şəxslər siyahısında çəkildiyini xatırlatdıqda, YAP-çı deputat bildirdi ki, bu barədə konkret fikir söyləyə bilməz: “Bunu cənab prezident müəyyənləşdirir. O, kiminsə işində nöqsan görürsə, dərhal tutduğu vəzifədən azad edir. Bu məsələ ancaq prezidentin səlahiyyətinə daxildir. Mən də mətbuatda müxtəlif fikirlərlə tanış oluram. Burda sadəcə işinin öhdəsindən gələ bilməyən məmurların işdən azad olunmasından söhbət gedir”.

Ola bilərmi ki, etimadı doğrultmayan, vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar özləri istefa versin? S.Novruzovun bu suala cavabı belə oldu: “Kim öz ayranına turş deyir? Kim özünün işini nöqsanlı saya bilər? Elələri var ki, bəlkə də nöqsanları var, amma özü belə hesab etmir. Bununla bağlı müxtəlif strukturlar var, araşdırmalar aparırlar və yekunda rəylərini təqdim edəcəklər”.