XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Mart 2016 - 15:45

Nazirliyə birləşdirilən qurumda ixtisarlar olacaq –Aparat rəhbərindən açıqlama

ejder-ol-nazirlik

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bir neçə gün öncə ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunda ilk iclasını keçirib.

Mətbuatda yayılan informasiyaya görə, nazir iclasda bir sıra tapşırıq və tövsiyələrini verib. Bununla belə, Səlim Müslümov Fondda bəzi şöbələrin ləğv edilməsi ilə bağlı da qərar çıxarıb.

Bəs, görəsən, bundan sonra Dövlət Sosial Müdafiə Fondunun fəaliyyəti necə tənzimlənəcək? Fondun əməkdaşları arasında ixtisarlar gözlənilirmi?

Məsələ ilə baglı “Həftə içi”nə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Ol deyib ki, ölkə prezidentinin mart ayının 19-da əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında imzaladığı fərmandan irəli gələn məsələlərin həlli istiqamətində işlər aparılır: “Həmin fərmanda hər şey açıq şəkildə göstərilib. Belə ki, Dövlət Sosial Müdafiə Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilib və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılıb. Bu fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Hazırda həmin təkliflərin hazırlanması istiqamətində iş aparılır. Yalnız təkliflər təsdiqləndikdən sonra, fondun fəaliyyətinin hansı formada tənzimlənəcəyi məlum olacaq”.

Fondun əməkdaşları arasında ixtisarlar aparılıb-aparılmadığına gəlincə, Aparat rəhbəri deyib ki, hələlik bununla bağlı konkret qərar yoxdur: “İxtisarlar olacaq. Lakin çox deyil. Əsasən nəzərdə tutulub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Dövlət Sosial Müdafiə Fondundakı bir-birini təkrarlayan şöbələr birləşdirilsin. Ola bilər ki, fonddakı bəzi işçilər fəaliyyətlərini nazirlikdə davam etdirsinlər. Amma hansı şöbələrin birləşdiriləcəyi hələlik dəqiq deyil. Bu barədə dəqiqləşdirmələr aparılır”.