XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2020 - 12:21

“Gəncə işi” ilə bağlı həbs olunan şəxs Bakı İstintaq Təcridxanasında ölüb

“Gəncə işi” ilə bağlı həbs olunan Müşfiq Qurbanov bu gecə Bakı İstintaq Təcridxanasında vəfat edib.

Bu barədə M. Qurbanovun ailəsindən məlumat verilib.

Qurbanovun meyiti Sabunçu Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyində ekspertizadan keçirilib.

Ailəsindən bildirilib ki, Bakı İstintaq Təcridxanasından M. Qurbanovun ürək çatışmazlığından öldüyünü deyiblər.

Ədliyyə Nazirliyi və Penitensiar xidmətdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Gəncə işi ilə bağlı 2018-ci ilin oktyabrın 24-də Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Qurbanov Müşfiq Cümşüd oğlu 2020-ci il yanvarın 17-də Bakıya gətirilib. O, 2018-ci ildə baş vermiş Gəncə hadisələr zamanı qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. əməllərdə ittiham olunur.

Rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.

Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.

Hadisə zamanı ağır xəsarət alan Elmar Vəliyev 2018-ci il avqustun 28-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. (apa)