XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2015 - 07:17

Yaşlıların təhsilinə ictimai dəstək

“Əmək bazarı əmək funksiyalarının yerinə yetirilməsində insanların bilik və bacarığına yeni tələblər göstərir. Bu səbəbdən bir çox insanlar, əsasən də yaşlı nəslin nümayəndələri öz təhsillərini başa vurmasına baxmayaraq sahib olduqları ixtisasları üzrə bilik və bacarıqlarını yeniləşdirmək, ixtisaslarına birbaşa aid olmayan əlavə bilik və bacarıqlarına və ya tamamilə yeni ixtisaslara yiyələnmək məcburiyyəti ilə üzləşiblər. Digər bir tərəfdən isə məhz orta və yaşlı nəslin nümayəndələri üçün nəzərdə tutulmuş və əmək bazarında tələbatı olan peşələr üzrə qısamüddətli ixtisasartırma və ixtisasdəyişmə kurslarının sayı çox azdır, mövcud olanların əksəriyyəti isə keyfiyyətli təhsil vermir. Və onu da nəzərə alsaq ki, dünyada qəbul edilmiş fikrə əsasən hər il bilik və bacarıqların 20-30%-i və hər 5-8 il ərzində isə tam peşələr köhnəlir, onda yaşlıların təhsili mövzusu inkişaf yolunu seçmiş Azərbaycan üçün nə qədər aktual olduğu aydın görünər.” Bu sözləri Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB-nin sədri Mütəllim Rəhimli “Yaşlıların təhsilinə ictimai dəstəyin təşkili məqsədi ilə sorğu və seminarların təşkil edilməsi” layihəsi çərçivəsində bu gün keçirilən tədbirdə səsləndirib.

Ekspert çingiz Dadaşov isə çıxışında deyib ki, 1963-cü ildə Avropa Regional Bürosunun Ukraynada keçirilən iclasında qəbul olunan qərara əsasən, 60-74 yaş intervalında olan insanlar ahıl yaş qrupuna aid olunur. 75-89 yaş qrunda olanlar qoca, yaşı 90-dan çoх olan insanlar isə uzunömürlülər hesab olunur. Azərbaycanda da bu yanaşmalar tətbiq edilməkdədir.

“Nəzərə alsaq ki, Respublikamızda pensiya yaşı qadınlar arasında 60, kişilər arasında isə 63 yaş kimi qəbul edilib. Bu isə o deməkdir ki, qüvvədə olan qanunvericilik pensiya yaşına çatan şəxsləri avtomatik olaraq dövlət qulluğunda və digər bir sıra vəzifələrdə, o cümlədən dövlət səhiyyə və təhsil sistemində işləməyi qadağan edir. Beləliklə, cəmiyyətimizdə hər il çoxsaylı işsizlər və təcrid olunmuş insanlar ordusu yaranır. Onlar bundan sonra ya adaptasiya olunaraq özəl şirkətlərdə çalışırlar ya da cəmiyyətdən təcrid olunaraq tənha həyat sürməyə məcbur olurlar. Yaşlıların adaptasiya prosesinə həm də onların təhsil sisteminə cəlb edilməməsi, yeni biliklərə yiyələnməməsi səbəb olur” – deyə ekspert bildirib.

Tədbirdə həmçinin vurğulanıb ki, yaşlıların təhsili insanı dəyişdirmir, başqalaşdırmır, sadəcə olaraq onun kim olmasını, nəyə qadir olduğunu, onun keçmiş təcrübəsinə istinad edərək, şüurlu münasibətlə yanaşaraq, onun müasir dünyanı, fəlsəfi münasibətini dərk etməyə, insanlığa, insana xidmət etmək üçün öz bacarıq və tələbatlarına münasibətin formlaşmasına kömək etməkdir.

Bundan sonra tədbir iştirakçıları Azərbaycanda yaşlıların təhsili ilə bağlı mövcud vəziyyəti müzakirə ediblər. Qeyd edilib ki, bu məsələnin köklü həlli üçün “Yaşlıların təhsili haqqında” qanunun qəbul edilməsinə ehtiyac var.