XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2020 - 18:07

Atmosfer havasının keyfiyyətini ölçən avtomat stansiyalar quraşdırılıb –FOTO

Azərbaycanda atmosfer havasının keyfiyyətini ölçmək üçün müasir avtomat stansiyalar quraşdırılıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, ölkədə mövcud olan hava keyfiyyətinin monitorinq şəbəkəsi bir çox amillər baxımından müasir standartlara, beynəlxalq meyarlara cavab vermirdi: “Ölçülən çirkləndiricilərin seçimi ictimai səhiyyənin tələblərinə uyğun deyildi, monitorinq ləng və zəhmət tələb edən mexaniki analizlərə əsaslanırdı. Buna görə də hava keyfiyyətinə dair cari monitorinq şəbəkəsinin modernizasiyası işlərinə başlanılıb”.

U.Tağıyeva qeyd edib ki, ölkədə həyata keçirilən “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycana Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” layihəsi çərçivəsində monitorinq şəbəkəsi üçün modernizasiya planı hazırlanıb: “Layihənin həyata keçirilməsi nəticəsində real vaxt rejimində çalışan avtomatik analizatorlardan daxil olan məlumatlar mərkəzi məlumat bazasında toplanılacaq. Avropa təcrübəsinə uyğun olaraq bu məlumatlara əhalinin onlayn rejimdə çıxışı təmin olunacaq, hər bir insan ETSN-in saytında bu məlumatlarla tanış ola biləcək. Modernizasiya planının birinci mərhələsinə əsasən Dövlət İnvestisiya Layihəsi hesabına beş avtomatik rejimdə çalışan stansiya və bir ədəd mobil laboratoriya alınaraq Bakı şəhərində 3, Sumqayıt və Gəncədə 1 avtomatik stansiya quraşdırılıb. Stansiyalar dünyada ətraf mühit üzrə analizator istehsalına görə öndə gedən “Thermo” (ABŞ) şirkətinin cihaz və avandanlıqları ilə komplektləşdirilib.

Eyni zamanda, stasionar müşahidə məntəqələri ilə əhatə edilməmiş ərazilərdə hava keyfiyyətinin operativ şəkildə monitorinqinin həyata keçirilməsi üçün dövlət investisiya layihəsi çərçivəsində bir ədəd Mobil Laboratoriya alınıb. Mobil laboratoriya beynəlxalq standartlara uyğun müasir cihaz və avadanlıqlarla təchiz olunub. Bu laboratoriya ərazidə havanın keyfiyyət göstəriciləri üzrə analitik araşdırma aparmaqla vəziyyətin yerində qiymətləndirilməsini təmin edəcək. Dövlət investisiya layihələri çərçivəsində 2025-ci ilə qədər 25 ədəd bu cür avtomatik stansiyanın alınması və ölkə ərazisində monitorinq məntəqələrinin qurulması planlaşdırılıb”.

O, həmçinin vurğulayıb ki, Bakı, Sumqayıt, Gəncə kimi iri sənaye şəhərlərində atmosfer havası, digər aqrar bölgələrlə müqayisədə çirklənməyə daha çox məruz qalır: “İri şəhərlərdə atmosfer havasını çirkləndirən mənbələr əsasən sənaye müəssisələri və nəqliyyat vasitələridir. Lakin müəssisələrin az tullantılı texnologiyalarla təmin olunması, həmçinin nəqliyyatda “smart” yanaşmaların tətbiqi ilə atmosfer havasına olan təsirləri azaltmaq mümkündür.