XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

05 Yanvar 2021 - 14:00

Azərbaycan və Rusiya FHN-nin əməkdaşları Ağdamda birgə hazırlıq kurslarına başlayıb –FOTO

Azərbaycan və Rusiyanın Fövqəladə Hallar nazirliklərinin (FHN) əməkdaşları Ağdamda birgə hazırlıq kurslarına başlayıb.

Məlumata görə, Azərbaycan FHN-nin Quzanlı qəsəbəsində yerləşən Regional Mərkəzində işğaldan azad olan ərazilərin minalardan təmizlənməsi zamanı istifadə olunacaq texnikalar da nümayiş etdirilib.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Raqim Lətifov jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar, Təbii Fəlakətlərin aradan qaldırılması üzrə Nazirliyinin xüsusi texnika və avadanlıqlarla təchiz olunmuş 20 nəfərdən ibarət şəxsi heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Qarabağ Regional Mərkəzində yerləşib.

Onun sözlərinə görə, artıq ərazilərin minalardan təmizlənməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir: “Hazırlıq işləri başa çatdıqdan sonra Rusiyadan gəlmiş əməkdaşlar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə Ağdam rayonunda ayrılmış 100 hektar ərazidə ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənmə əməliyyatlarına başlayacaq. Eyni zamanda Rusiyadan gəlmiş mütəxəssislər Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının 30 nəfərdən ibarət şəxsi heyəti üçün hazırlıq kurslarına başlayıb. Həmin kurslar başa çatdıqdan sonra Nazirliyin əməkdaşlarına müvafiq sertifikatlar təqdim ediləcək”.

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin Ağdam rayonu ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edəcək “Lider” Mərkəzinin rəhbəri, general-mayor Anatoli Savvin isə bildirib ki, Rusiya FHN-in birləşmiş dəstəsi yanvarın 4-də Azərbaycana gəlib.

Onun sözlərinə görə, Rusiya FHN-nin birləşmiş dəstəsi Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılığa əsasən, Azərbaycana təhvil verilmiş ərazidə humanitar minatəmizləmə əməliyyatları ilə bağlı tapşırığı icra edəcəklər.

Dəstənin 20 nəfərdən ibarət olduğunu vurğulayan A. Savvin qeyd edib ki, qrup humanitar minatəmizləmə əməliyyatlarını icra etmək üçün lazımı texniki avadanlıqlarla təchiz olunub və hazırlıqlı vəziyyətdədir.

O qeyd edib ki, Rusiya FHN-nin birləşmiş dəstəsi üç ay müddətində humanitar minatəmizləmə əməliyyatını icra edəcək, zərurət olacağı təqdirdə isə müddət uzadıla bilər/APA.