XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2021 - 13:42

Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır- Dövlət Agentliyi

2021-ci ildə ilk olaraq daxili turizmin bərpası, növbəti mərhələdə isə xarici sərhədlərin açılması və qlobal turizmin yenidən canlanması gözləntilər sırasındadır.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, sərhədlər açıldıqdan sonra Azərbaycana səfər edəcək turistlər özlərini COVİD-19-dan qorunmuş hiss edəcəklər:

“Psixoloji baxımdan insanlar sərhədlər açıldıqdan sonra bir müddət öz ölkələrində səfər etməyə üstünlük verəcəklər, xaricə səyahətdən çəkinəcəklər. Əlbəttə ki, bu səfərlər yeni qaydalarla olacaq. Bunun da əsasında sağlamlığın qorunması dayanır. Bizim 2020-ci ildə hazırladığımız SAHMAN Proqramını xarici partnyorlarımıza da təqdim etmişik. Sərhədlər açıldıqdan sonra da Azərbaycana səfər edəcək turistlər özlərini qorumuş hiss edəcəklər, çünki artıq SAHMAN standartları var”.

Agentlik rəsmisi əlavə edib ki, sərhədlər açıldıqdan sonra – postpandemiya dövründə daha gərgin iş gözlənilir. Çünki sərhədlər açıldıqdan sonra turistlərlə bağlı rəqabət daha ciddi və fərqli olacaq:

“Biz turizm sektorunu buna hazırlayırıq. Eyni zamanda sərnişindaşıma, sərhədkeçmə sistemi ilə bağlı instutisional qərarların verilməsi üzərində işləyirik. Azərbaycana səfər etməyin daha da asanlaşması üçün bu məsələlər barədə də müzakirələr aparılır”.

2020-ci ilin dünya turizmi üçün çox böhranlı, itkili il olduğunu xatırladan K.Quluzadə deyib ki, bu səbəbdən Azərbaycan turizminə də zərbə dəyib. Dövlət bu ziyanı kompensasiya etmək üçün digər sahələrdə olduğu kimi turizm sektorunda çalışanlara da yardım edib:

“Keçən il martdan sərhədlərin bağlanması nəticəsində əvvəlcə xarici turizm, daha sonra isə daxili turizm dayandı. Ötən il planlaşdırdığımız nəticələr əldə olunmadı. 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayı artaraq 3 milyon 200 min nəfərə çatmışdı. Biz düşünürdük ki, 2020-ci ildə bu say 10 faiz artacaq. Amma bu, bizdən asılı olmayan səbəblərə görə alınmadı”.