XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 May 2015 - 14:21

Sergey Narışkin: “Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həllində maraqlıdır“

narishkin.jpg

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfəri çərçivəsində mayın 25-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin ilə görüşüb.

Elmar Məmmədyarov Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələrin də yüksələn xətt üzrə inkişafından məmnunluğunu vurğulayıb. O, 2015-ci il iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar barədə məlumat verən nazir Elmar Məmmədyarov problemin həllinin artıq yetişdiyini bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu deyən Elmar Məmmədyarov mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyib. O əlavə edib ki, regionda sülh və sabitliyin bərqərar olması üçün Ermənistan rəhbərliyi destruktiv siyasətindən əl çəkməli və siyasi iradə nümayiş etdirməlidir.

Sergey Narışkin qanunverici orqanlar arasında sıx əlaqələrin iki ölkənin əməkdaşlığının və dostluğunun möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar təbriklərini çatdıran Sergey Narışkin Oyunların yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib.

Dövlət Dumasının sədri Rusiyanın Ermənistan-Azərbaycan münaqişənin tezliklə həllində maraqlı tərəf olduğunu qeyd edib.

Görüşdə ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.