XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Yanvar 2021 - 20:56

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müddəti uzadılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda müvafiq dəyişiklik edib.

Qərara əsasən, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə verilən müddətli əlavənin müddəti martın 31-dək uzadılıb.

Qeyd edək ki, əvvəl bu müddət yanvarın 1-dək nəzərdə tutulmuşdu.

Xatırladaq ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

– tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə – aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

– təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə – aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

– pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə – aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.