XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2016 - 20:44

Azərbaycan Premyer Liqası:“Qarabağ” IV dövrəyə qalibiyyətlə başladı

Bu gün Azərbaycan Premyer Liqasında IV dövrəyə start verilib.

Sonuncu dövrənin ilk, ümumilikdə isə XXVIII turun bütün qarşılaşmaları eyni gündə oynanılır. İlk qarşılaşma AZAL-la “Kəpəz” klubları arasında oynanılıb. Ötən tur öz meydanında “Zirə”ni məğlub edən və bu qələbə sayəsində ilk üçlüyə düşən “Kəpəz” bu dəfə paytaxtda çarəsiz qalıb. AZAL Şahin Diniyevin komandasının qapısından üç cavabsız top keçırıb -3:0. Paytaxt klubu öz meydanında qalib gələrək liderlər qrupu ilə aradakı xal fərqini azaltmağa nail olub. Meydan sahibləri 37-ci dəqiqədə Aydın Qasımovun qolu ilə hesabı açıb. Hacı Əhmədov 65-ci dəqiqədə qonaqların qapısından ikinci topu keçirib. Mirzağa Hüseynpur isə final fitinə az qalmış penalti cəriməsini dəqiq yerinə yetirib. AZAL bu qalibiyyətlə xalını 39-a çatdıraraq altıncı pillədə mövqeyini qoruyub.

Azərtac xəbər verir ki,Növbəti oyunda ikinci pillənin sahibi “Zirə” “Sumqayıt”ı qəbul edib. “Debütant” öz meydanında məğlubiyyətsiz seriyasını davam etdirib. Nurlan Novruzov 84-cü dəqiqədə komandasının yeganə qolunun müəllifi olub. Rəqibini minimal 1:0 hesabı ilə məğlub edən və xalını 53-ə yüksəldən Adil Şükürovun yetirmələri izləyicisindən uzaqlaşıb. “Sumqayıt” isə uduzmağına rəğmən hazırda yer aldıqları səkkizinci pillədə qalıb.

Çempionatın şəksiz lideri “Qarabağ” isə cənub səfərində “Xəzər Lənkəran”ın qonağı olub. Ağdam klubu bu matçda ardıcıl beşinci qələbəsini rəsmiləşdirərək növbəti çempionluğa bir qədər də yaxınlaşıb. Mahir Mədətov 6 və 73-cü dəqiqələrdə vurduğu qollarla dubla imza atıb. Elbrus Məmmədovun komandası isə doğma meydanda Tural Qürbətovun birinci hissədə bir qolu ilə yadda qalıb. Aktivinə 63 xal yazdıran Qurban Qurbanovun yetirmələri ikinci pillə ilə 10 xal məsafə saxlamaqla birinciliyə sahibdir. Lənkəran təmsilçisi isə 14 xalla turnir cədvəlində doqquzuncu pillədə qalıb.

Paytaxt derbisində “Rəvan” “Neftçi” ilə münasibətlərə aydınlıq gətirib. 14 oyunda qələbə görməyən ev sahibləri “Neftçi”yə bir qolla qalıb gəlib. Medallar üçün cüzi şansları olan qonaq komanda isə autsayderlə görüşdə xalsız qalıb.

Elvin Həsənəliyevin 3-cü dəqiqədə vurduğu qol IV dövrənin startında “Rəvan”a qalibiyyət sevinci yaşadıb. Beləliklə, 28 turdan sonra “Rəvan” 11 xalla sonuncu, “Neftci” isə 38 xalla yeddinci pillədə qərarlaşıb.

Tura “Qəbələ” – “İnter” matçı ilə yekun vurulacaq.