XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2016 - 12:21

Mikayıl Cabbarov cəbhədə yaralanan şagirdə baş çəkdi –FOTOLAR

mikayil-xeste-usaq

Məlum olduğu kimi, Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qalıb.

Strateq.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VIIa sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır.

İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub. Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya  atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də  məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb.

Həmin gün rayonun Ayaq Qərvənd  kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.

Təhsil Nazirliyi Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq huquq prinsiplərinə zidd olaraq, cəbhəboyu ərazilərdə dinc əhalinin, təhsil müəssisələrinin atəşə tutulmasını pisləyir və məktəbliləri hədəfə almaqla onların təhsil hüququnu məhdudlaşdıran vəziyyətin ciddi narahatçılıq doğurduğunu bildirir.

Nazirliyin məlumatında o da qeyd olunur ki, Təhsil naziri Mikayıl Cabbarov ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib. Belə ki, nazir Bərdə Müalicə-Diaqnostika Mərkəzində Tərtər rayonu, Seydimli kənd sakini, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Samid oğlunun səhhəti ilə maraqlanıb. Nazir məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib.