XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Fevral 2021 - 11:05

İranın Azərbaycandakı səfiri:“Region ölkələri üçün bənzərsiz fürsət yaranıb” (MÜSAHİBƏ)

İranın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik.

 – Cənab səfir, Azərbaycanın Ermənistanla aparığı 44 günlük müharibə dövründə İranın Ali dini rəhbəri Seyyid Əli Xamenei ölkəmizin ərazi bütövlüyünü dəstəklədi və bundan sonra da bir çox İran rəsmiləri, o cümlədən də ö siz dəstəyinizi ifadə etdiniz. Bu fakt İranın qonşu Azərbaycana, yoxsa İslam dini olan bir ölkəyə dəstəyi idi?

– İran İslam Respublikası həmişə dost və qardaş ölkə Azərbaycan Respublikası ilə münasibətlərinə xüsusi diqqət yetirib. Azərbaycan Respublikası İranla ortaq cəhətləri çox olan bir ölkədir. Mədəni, tarixi, dini sahələrdəki bu ortaqlıqlar iki ölkə arasındakı sıx münasibətlərin əsasını təşkil edir. Buna görə də Ali rəhbərin Azərbaycan Respublikasının mövqeyini və ərazi bütövlüyünü dəstəkləyən sözləri həm dost, həm də bir İslam ölkəsi çərçivəsindədir.

İran münaqişə başladıqdan sonra mövqeyini elan edən ilk ölkələrdən biri olub və ilk mərhələdə münaqişəyə son qoyulmasını, işğal olunmuş ərazilərin müharibəsiz geri qaytarılmasını istəyib. Ali rəhbər hər zaman Qarabağ torpaqlarının azad edilməli olduğunu və Azərbaycan Respublikasının həmin ərazilərdə öz suverenliyini təmin etmək hüququnun olduğunu təkid edib.

– Bundan sonra İranın Azərbaycan və Ermənistanla olan münasibətləri necə davam edəcək? Ermənistan tərəfinin İranın Azərbaycana qarşı verdiyi haqlı dəstəyə etirazları oldumu?

– İran İslam Respublikası 15 ölkə ilə qonşudur və biz düşünürük ki, bu qonşuların hamısı ilə yaxşı və gərginlik olmadan münasibətlərə malik olmalıyıq. Ermənistan da onlardan biridir. Ermənistanla münasibətlərimiz birgəyaşayış və qarşılıqlı fəaliyyət çərçivəsindədir. Qonşular arasındakı ixtilaf və gərginlik, şübhəsiz ki, bizimlə münasibətlərinə təsir edə biləcək nəticələrə səbəb olur. Ancaq xoşbəxtlikdən onların vəziyyətimizi anlamaları üçün bir məntiq var. Ola bilər bizim Azərbaycan Respublikasına göstərdiyimiz dəstək Ermənistanı müəyyən dərəcədə narahat etsin və onlar narazılığını bildirsin. Amma sonunda onlar İran İslam Respublikasının Qarabağ müharibəsindəki mövqeyinin ölkələrin milli suverenliyi prinsipinə və beynəlxalq qaydalara uyğun olduğunu bilirlər.

– İran Azərbaycanın işğaldan azad olunmuş bölgələrində ortaq layihələrə qoşulmaq istərdimi? Ya da iranlı iş adamlarının həmin ərazilərə investitsiya yatırması mümkündürmü?

– Bəli. İranın hər yerindən, xüsusən də Azərbaycan Respublikası ilə həmsərhəd əyalətlərindən olan bir çox təcrübəli şirkətlər infrastruktur, elektrik enerjisi, yol tikintisi, otel və turizm obyektlərinin inşasında  iştirak edə bilər.

Müxtəlif sahələrdə ixtisaslaşan həmin şirkətlər yaxşı maliyyə mənbəyi və yüksək texniki, mühəndis potensialına sahibdir. Onlar Azərbaycanla əməkdaşlıq etməyə və azad edilmiş bölgələrin çiçəklənməsinə kömək etməyə hazırdılar.

– Türkiyə, Pakistan və Əfqanıstandan sonra müsəlman dünyasında Azərbaycanın ərazi bütövlüyünə dəstək verən ölkə İran oldu. Sizcə, digər müsəlman ölkələri Azərbaycanın ərazi bütövlüyü məsələsində niyə susmağa üstünlük verdilər?

– Hesab edirəm ki, bu məsələdə ölkələr öz milli maraqlarına əsaslanaraq qərar verir və hərəkət edirlər. Hər bir ölkə öz davranışına cavabdehdir. Önəmli olan budur ki, İran Azərbaycan Respublikasının ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

– Sizcə ölkələrimiz arasında əlaqələrin güclənməsi üçün hansı məsələlərə yenidən baxılamalıdır?

– İran İslam Respublikası ilə Azərbaycan Respublikası əlaqələrini möhkəmləndirmək üçün bir çox ümumi sahələrə malikdirlər. Coğrafi mövqe, tarixi, mədəni və dini ortaqlıqlar yaxın olmaq və əməkdaşlığı inkişaf etdirmək üçün bir çox zəmin yaradır. Bu sahələrin çoxu hələ müəyyənləşdirilməyib və istifadəyə verilməyib. Xüsusi diqqət yetirilməli sahələrdən biri də iqtisadiyyatdır. Xoşbəxtlikdən, işğal olunmuş ərazilər azad edildikdən sonra mövcud vəziyyət əməkdaşlıq üçün əlverişli bir vəziyyət yaratdı. Ancaq yenə də kifayət deyil. Bu növ əməkdaşlıqlara müsbət baxış iki ölkəni bir-birinə daha da yaxınlaşdıra bilər. Bu səbəbdən iqtisadi əməkdaşlıq iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində əhəmiyyətli və əsas rol oynaya bilər.


– İranın xarici işlər naziri Cavad Zərifin Azərbaycana son səfərini necə şərh edərdiniz?

– 44 günlük müharibədən və işğal olunmuş ərazilərin azad edilməsindən sonrakı şərait bölgədə yeni bir vəziyyət yaratıb. Cənab Zərifin bölgədəki altı ölkəyə səfərinin məqsədlərindən biri də onların yanaşmalarını bir-birinə yaxınlaşdırmaqdır və bu çox vacibdir. “Altıtərəfli Platforma”dakı beş ölkə ilə dostluq əlaqələrini nəzərə alaraq, İran bu altı ölkənin yaxınlaşmasında mühüm rol oynaya bilər. Əlbəttə, İran İslam Respublikası bu altı ölkə arasındakı əməkdaşlıq yolunun asan olmayacağını bilir. Belə bir ehtimal da var ki, Ermənistan və ya Gürcüstan hələ də “Altıtərəfli Platforma”a qoşulmağı düşünür. Ancaq mövcud şərait bölgə ölkələri üçün bənzərsiz bir fürsət yaradıb və əgər ondan istifadə olunmasa, bu fürsət itirilə bilər. Buna görə də mövcud şəraitdə münasib zaman yetişib və İran İslam Respublikası özünü borclu sayır ki, bacardığı qədər bölgə ölkələrini bir-birinə yaxınlaşdırsın.