XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2021 - 18:53

Azad edilmiş ərazilərdə bərpa layihələrinə ciddi ictimai nəzarət mexanizmləri yaradılmalıdır- İqtisadçı

İşğaldan azad edilmiş ərazilərimizdə illərlə davam edəcək bərpa prosesi zamanı icra ediləcək meqa-layihələrin, böyük proqram portfellərinin effektiv nəticə verməsi, yüksək keyfiyyət və səmərəli büdcə göstəriciləri ilə tamamlanması üçün bu gün meqalayihə rəhbərlərindən, böyük qurumların idarəedici rəhbərlərindən asılı olmayan ciddi ictimai nəzarət mexanizmləri yaradılmalıdır.

Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmriov deyib.

Onun sözlərinə görə, ictimai nəzarətin mövcudluğunun səmərəsi bütün istiqamətlərdə özünü müsbət mənada göstərir, icra edilmiş işlərin daha effektiv olmasını, alternativlər daxilindən ən düzgününün seçilməsini təmin edir.

Ekspert qeyd edib ki, ictimai nəzarət idarəetmənin bütün sahələri üçün vacib olsa da, iqtisadi sfera üçün onun əhəmiyyəti digər istiqamətlərdən daha çoxdur. Hazırda bərpası nəzərdə tutulan ərazilərdə icra ediləcək bütün fəaliyyətlərin əksəriyyəti böyük iqtisadi əsasları olan fəaliyyət növləridir. Qarşıdakı illərdə orada minlərlə sadə layihələr, yüzlərlə meqalayihələr, onlarla proqramlar icra ediləcək. Bərpa prosesinin mərhələləri üzrə olan istənilən layihələr üçün isə 3 əsas parametrdən ikisi keyfiyyət və büdcə parametrləridir. Elə məhz bu səbəbdən İctimai nəzarət haqqında qanunda ictimai nəzarətin məqsədləri sadalanarkən daha çox iqtisadi məqsədlərə toxunulur.

E.Əmirov qeyd edib ki, ictimai nəzarətin ana xəttində dövlət gəlirlərinin, xərclərinin, öhdəliklərinin effektiv, iqtisadi və səmərəli şəkildə idarə edilməsi, hər cür maliyyə qərarlarında və əməliyyatlarında qanun pozuntularının və korrupsiyanın qarşısının alınması, qərarların qəbul edilməsi və monitorinqi üçün müntəzəm olaraq hesabatların və məlumatların əldə edilməsi, aktivlərin sui-istifadə və israfının qarşısının alınması kimi müxtəlif məqsədlər var. İctimai nəzarətin səbəb olduğu yüksək nəticələr onun şəffaflıq, aşkarlıq, hesabatlılıq, bərabərlik kimi prinsiplərindən ortaya çıxır. Çünki ictimai nəzarətin əsas mexanizmlərinə monitorinq, müşahidə, ekspertiza və müraciətlərin araşdırılması daxildir. Bütün bu sadalanan proseslər isə qeyri-qanuni fəaliyyətin, səmərəsizliyin, özbaşınalığın qarşısının alınması üçün ən yaxşı vasitələrdir:

“İctimai nəzarətin iqtisadi əhəmiyyəti o qədər böyükdür ki, hətta ölkə başçısı dəfələrlə şəxsən özü ictimai nəzarətin vacibliyini vurğulayır, ictimai nəzarət olmadan, istədiyimizə nail ola bilməyəcəyimizi qətiyyətlə ifadə edir”.

İqtisadçı qeyd edib ki, əsas məsələ ictimai nəzarət üçün müvafiq şəraitin yaradılmasıdır. Hazırda mövcud qanunverciliyə görə, ictimai nəzarəti müvafiq orqanlar yanında fəaliyyət göstərən ictimai şuralar həyata keçirir. Bu şuralarda əsasən müxtəlif ictimai qurumların və mətbuatın nümayəndələri, eləcə də digər vətəndaş qruplarının üzvləri təmsil olunurlar. Məhz onlar üçün lazımı nəzarət və maneəsiz monitorinq imkanlarına şərait yaradılmalıdır:

“Amma etiraf edək ki, bəzi qurumlarda idarəedici rəhbərlər özləri ictimai nəzarət şurası yaradır, sədrini, üzvlərini seçir. İnsanın özünün yaratdığı nəzarət sistemi ona necə nəzarət edə bilər?! Bu, mumkun deyil. Buna görə də bu neqativ ənənədən yaxa qurtarmaq lazımdır”.