XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Fevral 2021 - 23:01

“Azərbaycan peyvəndin bərabər bölüşdürülməsinin tərəfdarıdır”- Hikmət Hacıyev

“COVID-19 pandemiyası dövründə Azərbaycan ölkə səviyyəsində uyğunlaşmaq məcburiyyətində qaldı. Biz beynəlxalq səviyyədəki mübarizəyə töhfə vermək üçün öz təkliflərimizi irəli sürdük. Bununla bağlı ən azı regional səviyyədə addımlarımızı əlaqələndirməyə çalışdıq”.

“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə fevralın 15-də keçirilən “COVID-19 pandemiyası və peyvəndləmənin geosiyasi aspektləri” mövzusunda beynəlxalq vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Pandemiya başlayanda biz bu böhranla bağlı birgə beynəlxalq mövqe görmədik. Biz BMT-nin himayəsində beynəlxalq tədbirlərin təşkil olunmasını da görmədik. Beynəlxalq miqyasda əlaqələndirmə ortada yoxdur. Ona görə də cənab Prezident BMT Baş Assambleyasının növbədənkənar sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təşəbbüsü 155 ölkənin dəstəkləməsi çox sevindiricidir. Bu konfrans COVID-19-a qarşı beynəlxalq səviyyədə mübarizə aparmaq üçün tədbirlər təşkil etmək imkanı yaratdı”, – deyən şöbə müdiri bir çox ölkələr kimi Azərbaycanda da koronavirusa qarşı peyvənd işlərinə başlandığını qeyd edib.

COVID-19-a qarşı dərmanların dünyada bölüşdürülməsində qeyri-bərabərlik olduğunu dilə gətirən H.Hacıyev daha sonra deyib: “İlk mərhələdə dərmanların 90 faizi zəngin ölkələr tərəfindən satın alındığı halda, kasıb ölkələr peyvəndlənməyə heç başlamamışdı da. Hətta ilkin mərhələdə ən zəngin ölkələrin həmin dərmanlardan ehtiyaclarının iki misli qədər satın aldıqları barədə məlumatlar var. Burada siyasi təsisatların təsiri sezilir. Amma bu məsələdə bərabər yanaşma olmalıdır”.

O, bir sıra ölkələrin Dünya Ticarət Təşkilatına müraciət edərək peyvənd istehsalı texnologiyasının hamıya çatdırılmasını istədikləri də qeyd olunub: “Belədə dərmanların kütləvi istehsalına başlana bilər. Azərbaycan həmin təşkilatın qeyri-üzvü kimi bu məsələyə qərəszis və əlaqəli yanaşmanın tərəfdarıdır. Bununla bağlı da öz təşəbbüsümüzü irəli sürmüşük”.