XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

07 Aprel 2016 - 12:21

İcra başçılarından cəbhə açıqlamaları:"Həyat öz axarına düşür"

esger

Aprelin 2-dən başlayaraq Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində cəbhəyanı bölgələrdə yaranan gərginlik aradan qalxıb. İcra başçılarının müvafiq açıqlamaları bunu deməyə əsas verir.

Ağdamın icra başçısı Raqub Məmmədov Modern.az saytına deyib ki, bu gün rayon sakinləri hər zamankı normal yaşayışını davam etdirir:

“İnsanlar təsərrüfat işlərilə məşğuldur. Hər kəs öz evinə qayıdıb. Heç bir problem yoxdur. Hərbçilərimiz də camaatın içindədir. Hazırda dəymiş ziyanın müəyyən edilməsi üzrə iş gedir. Dəymiş ziyan müəyyənləşdirdikdən sonra aidiyyatı strukturlar qarşısında məsələ qaldırcağıq. Çünki, 30-a qədər ev dağılıb, insanların yaşayışı pozulub. Həmçinin atəşkəsin pozulması nəticəsində işıq, qaz, su təsərrüfatlarında yaranmış problem aradan qaldırılıb. Gecədən indiyədək atəşkəs pozulması qeydə alınmayıb”.

Goranboy rayonunun icra başçısı Nizaməddin Quliyev əməkdaşımıza bildirib ki, evlərini tərk edən uşaq və qadınların da hamısı geri qayıdıb:

“Atəşkəs dünən gündüz saatlarında pozulmuşdu, bizimkilər cavab atəşi ilə onları susdurdu. Hazırda vəziyyət stabildir. 75 yaşayış evinə ciddi ziyan dəyib. Dəyən ziyanın müəyyənləşməsi istiqamətində işlər gedir. Hər şey tam şəkildə nizamlanıb”.

Tərtərin icra başçısı Müstəqim Məmmədov də hazırda rayon ərazisində sakitlik olduğunu deyib:

“İnsanlar normal şəkildə yaşayışlarını davam etdirir. Gecədən etibarən atəşkəs pozulması qeydə alınmayıb”.