XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

28 May 2015 - 04:28

Hüquq müdafiəçiləri həbs edilən oliqarxları müdafiə edəcəkmi?
 Hüquq müdafiəçiləri həbs edilən oliqarxları müdafiə edəcəkmi?
Son yarım ayda cəmiyyətin və mətbuatın əsas müzakirə mövzusu oliqarxların həbsidir. Hər ötən gün məsuliyyətə cəlb olunanların əhatə dairəsi genişlənir. Həbs olunanların müdafiəsi istiqamətində heç bir iş görülmür. Bəs hüquq müdafiəçiləri bu prosesdə hansı mövqe tuturlar?
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbs edilənlərin dövlət vəsaitini mənimsədiklərini qeyd etdi: “Bildiyimiz kimi, bu şəxslər külli miqdarda milyonlarla pul mənimsəyiblər. Əlbəttə ki, bu əməllərinə görə cavab verməlidirlər. Ədalət məhkəməsindən qaça bilməzlər. Amma çalışdığımız odur ki, onlara təzyiq olmasın, işgəncə verilməsin.
Mayın 29-da Bayraq Meydanı İdarəsinin keçmiş rəisi Rəşad Məmmədovla MTN təcridxanasında görüşəcəm. Yaxın günlərdə isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində görüş təşkil etməyi nəzərdə tutmuşam. Onların saxlanma şəraitləri, təzyiq olunub-olunmaması ilə maraqlanacam. Bütün Azərbaycana məlumdur ki, bu iş adamları milyonlarla dövlət pulunu mənimsəyiblər. Bu pullar onların burunlarından gəlməlidir. Elədikləri əməllərə görə cavab verməlidirlər. Komitə olaraq, işimiz onlara təzyiqlərin olmaması ilə bağlıdır. Cinayət törədiblərsə, cəzasını çəksinlər”.
Elçin Behbudov həbs edilənlərə işgəncə verilməsi ilə bağlı xəbərlərə belə münasibət bildirdi: “Yazırlar ki, filankəsə işgəncə verilib. Gedib görüşəndə görürsən ki, belə hal yoxdur. özüm görüşəndən, onlarla danışandan sonra belə bir fakt təsdiqini taparsa, qeyri-insanı rəftar olarsa, bundan DİN və ölkə prezidentinə müraciət edəcəm. Təbii ki, bu kimi xəbərlər təsdiqini taparsa. çünki yüzlərlə belə hallarla qarşılaşmışam. Deyilənlər həqiqət olmur. Gözümlə görməsəm, inanmaram”.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı baş verən prosesləri diqqətlə izlədiklərini söylədi: “Təbii ki, bu həbslər diqqətimizdədir. İstər məmur, istərsə də, adi insan olsun, hüquqları pozularsa, ki, biz bunu nəzərə alırıq və etirazımızı bildiririk. Amma hələ ki istintaq gedir. Bizə onların özündən hər hansı bir məsələ ilə bağlı şikayət olarsa, məşğul olacağıq. Hələ ki belə bir müraciət olmadığı üçün gözləyirik. Hər şey istintaqın başa çatmasından asılıdır. Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizə normaldır. Əgər hüquq pozuntusu varsa, cavab verməlidirlər. Vətəndaş kreditə görə əmlakından məhrum edilir. Amma bu oliqarxlar milyonları gizlədirlər. Nəticədə dövlət büdcəsinə zərər vurulur.
Bunlar təbii ki, aradan qaldırılmalıdır. Hər kəs qanun qarşısında cavab verməlidir. Onlardan kimlərisə öz təşəbbüsümüzlə müdafiə etmək mümkün deyil. Ya ailə üzvləri, ya da yaxın bir insan gəlib, onların hüquqlarının pozulması ilə bağlı məlumat verməlidir. Biz bunu araşdırırıq. Amma hazırda bizə belə bir məlumat daxil olmayıb”.
Digər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hesab edir ki, ilk növbədə, oliqarxların həbsinin səbəblərini aydınlaşdırmaq lazımdır: “Saxlanılanların həbs səbəbi məlum deyil. Təbii ki, həbs olunan şəxslərdən Hacı İbrahim Nehrəmli barəsində zamanında böyük narahatçılıq yaşanmışdı. Əgər onları korrupsiyaya görə həbs ediblərsə, bunlar sübut olunmalıdır. Oxuyuram ki, bunlar kredit götürüblər, amma zamanında ödəyiblər. Yəni qayda-qanunu pozmurlar. Əgər hökumət cəmiyyətə tam aydınlıq gətirsə ki, bunları nəyə görə tutublar, kökündə nə dayanır, o zaman hüquq müdafiəçiləri onları müdafiə edə bilər. Hüquq müdafiəçisi qanunun tərəfində durur, insanı vəkillə bərabər müdafiə edir. Bu insanların suçu barədə cəmiyyətə tam açıqlama verilməyib.
Əgər real açıqlama verilsə, həqiqət ortaya çıxsa, hər şey asan olar. Burada korrupsiya əməli varsa, ikitərəfli məsuliyyət var. Həm bank, həm də müştəri məsuliyyət daşıyır. öz adımdan deyirəm, insanı o vaxt müdafiə etmək olar ki, əlində əsas olsun. Hələ ki cəmiyyətə bu həbslərin kökündə duran səbəb açıqlanmayıb. Əsl səbəb nədənsə gizli saxlanılır. Səbəblərin açıqlanması ilə bağlı mətbuat bizdən çox işləyir. İctimaiyyətə əsl həqiqət mütləq açıqlanmalıdır. Onda cəmiyyətin kimi qınayacağı bəlli olacaq. Bankımı, ondan üst səviyyədə duran korrupsionerimi yoxsa insanımı? Hüquq müdafiəçisi hədəf nöqtəsini tapmalıdır. Açıqlansa, hüquq müdafiəçisi hədəf nöqtəsini asan tapacaq”.
Mirvari Qəhrəmanlı hesab edir ki, həbs edilənlərin heç birinin onlara ehtiyacı yoxdur: “Onlar elə ranqda olan insanlardır ki, nə vətəndaş cəmiyyəti, nə də, hüquq müdafiəçiləri maraqlandırır. Yaxşı vəkilləri də var. Digər şübhəli şəxslər kimi, onlara təzyiqlərin olacağına da inanmıram. Onların bizlərə ehtiyacı yoxdur”.