XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 09:32

Amerikanın Bəşər Əsədə qarşı “B planı”üzə çıxdı

 

Esed

 

“Wall Street Journal” Suriyada barışığın baş tutmayacağı təqdirdə ABŞ-ın "B planı" barədə xəbər tutub.

Qəzet məmurlara istinad edərək yazır ki, sülh prosesi nəticə verməsə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və onun regional tərəfdaşları Suriya müxalifətini daha güclü silahlarla təchiz etməyə hazırdır. Bu silahlar hökumət təyyarələrinə və artilleriya mövqelərinə zərbələr endirməyə imkan verəcək. Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə, MKİ öz müttəfiqlərini inandırıb ki, onlara yalnız barışığın ("A" planı) pozulacağı və hərbi əməliyyatların bərpa olunacağı təqdirdə silah satılacaq.

Rusiyanın Xarici İşlər Nazirliyi Wall Street Journal-ın bu yazısına münasibət bildirib. Rusiya XİN-in rəhbərinin müavini Sergey Ryabkov deyib: "Biz "B" planı barədə heç nə bilmirik, onu heç kim bizimlə müzakirə etməyib. Biz atəşkəs rejimi üzərində işləyirik. Əgər sözügedən "B" planı həqiqətən də mövcuddursa bu, dərin narahatlıq və böyük təəssüf doğurur… Mən ümid edirəm belə bir plan mövcud deyil."

"HIS Jane's Defence Weekly" nəşri isə aprelin 7-də bildirib ki, atəşkəs rejiminə baxmayaraq ABŞ Suriya müxalifətinə silah satmaqda davam edir. Jurnal ABŞ-ın dövlət satınalmaları sistemində "tərkibində partlayıcı maddələrin olduğu hərbi yüklərin" daşınmasına dair sənədlər aşkar edib.

İçərisində qumbaraatanlar, tank əleyhinə raket kompleksləri və onlara aid sursatlar olan onlarla konteyner İordaniyaya çatdırılıb. Yüklərin yekun mənzili qeyd olunmasa da jurnalın ekspertləri onların məhz Suriya müxalifəti üçün nəzərdə tutulduğunu güman edirlər.

Suriyada atəşkəs rejimi fevralın 27-dən bəri qüvvədədir. Barışıq bir sıra ölkələrdə terrorçu təşkilat kimi tanınan "İslam dövləti", "Əl-Qaidə"nın Suriya qanadı sayılan "Nusra Cəbhəsi" təşkilatlarına, habelə BMT-nin terrorçu kimi tanıdığı digər qruplaşmalara şamil edilmir.

ABŞ nümayəndələri bundan əvvəl də barışıq planının nəticə verməyəcəyi təqdirdə "B" planının nəzərdən keçirilməsinin mümkünlüyünü qeyd etmişdilər. Ancaq onun nədən ibarət olduğuna aydınlıq gətirməmişdilər. Moskva buna bənzər bəyanatları sülh prosesinin pozulmasına yönəlmiş "vicdansız və riyakar oyun" adlandırıb.