XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

14 Aprel 2016 - 19:22

Gürcüstan prezidenti azərbaycanlıların yaşadığıkəndə gəlib

 

gurcu prezid

 

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili aprelin 14-də azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunun Qaracalar kəndində olub.

Prezident Gürcüstanın Elm və Təhsil Nazirliyinin Qaracalar kənd ümumi məktəbində təhsil ocağının müəllim və şagirdlərini Milli Ana Dili Günü münasibətilə təbrik edib. Dövlət başçısı məktəbdə həyata keçirilən “Gürcü dilini öyrənək” layihəsi ilə maraqlanıb.

Gürcüstan Prezidenti sinif otaqlarını gəzib, məktəblilərin ifasında rəqslərə tamaşa edib. Prezidentin adından məktəblilərə gürcü dilini daha yaxşı öyrənmək üçün kitab və digər ləvazimatlar verilib.

Bildirilib ki, məktəbdə 650-yə yaxın şagird öz istəklərinə uyğun olaraq Azərbaycan və gürcü dili bölmələrində təhsil alırlar. Onların təhsil, təlim və tərbiyəsi ilə 55 müəllim məşğul olur. Müəllimlərin 28-i azərbaycanlı, 27-si isə gürcüdür. Eyni zamanda, həyata keçirilən layihə əsasında 60-a yaxın kənd sakini məktəbdə gürcü dilini öyrənir.

Prezident azərbaycanlıların gürcü dilini öyrənmələrini yüksək qiymətləndirib, azərbaycanlılarla gürcülərin dostluğunun başqa millətlər üçün də nümunə olduğunu söyləyib.

Giorgi Marqvelaşvili məktəbin kollektivinə və şagirdlərə uğurlar arzulayıb, gürcü dilini öyrənmələri və digər problemlərinin həllinə yardım göstərəcəyini bildirib.

Qaracalar kənd ümumi məktəbi 2010-2011-ci illərdə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində tikilib. Məktəbin binası üçmərtəbəlidir və burada 30 sinif otağı, idman zalı və fənn kabinələri var.