Bakının bəzi mərkəzi küçələri təmir işləri ilə əlaqədar bağlanıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən bildirilib ki, Avropa Qran-prisinin Azərbaycandakı təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində tikinti işləri artıq son mərhələdədir. Üst lay asfalt qatının çəkilməsi işləri sürətlə davam etdirilir.
Bu səbəbdən, Neftçilər prospektinin Rəsul Rza və Puşkin küçələri ilə kəsişmələri arasında olan hissəsində aprelin 16-dan etibarən nəqliyyatın hərəkətinə icazə verilmir. Burada avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət bazar ertəsi günü, aprelin 18-i səhər saatlarında aradan qaldırılacaq.
Xatırladaq ki, yarışdan öncə salınacaq və “Formula-1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.