XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 13:28

Oqtay Əsədov Moskvada:“Kövrək atəşkəs rejiminə ümid etmək yanlışdır”

oqtay

 

“Parlamentlərarası əməkdaşlıq Avrasiya regionunda mövcud olan münaqişələrdən çıxış yollarının tapılmasında kömək göstərə bilər”.

Bunu Avrasiya ölkələri parlamentlərinin spikerlərinin Rusiya paytaxtında keçirilən birinci iclasında çıxış edən Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov deyib.  (APA)

O, çıxışında 25 ildən artıqdır davam edən Dağlıq Qarabağ münaqişəsinə diqqəti cəlb edib: "Məlumdur ki, Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi, yəni Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon işğal olunub və etnik təmizlənmə aparılıb. Ermənistan ərazisindən və Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox dinc sakin qovulub, didərgin salınıb. Münaqişə uzun illərdir ki, mötəbər beynəlxalq təşkilatlarda əsas müzakirə mövzularından biridir. Həmin təşkilatların qəbul etdiyi sənədlər münaqişənin nizama salınmasının hüquqi bazasının ayrılmaz hissəsini təşkil edir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı birmənalı şəkildə təsdiqlənib. Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal çıxarılması tələb olunub. Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının müxtəlif illərdə qəbil etdikləri qətnamələrdə də Ermənistan silahlı qüvvələrinin işğal olunmuş bütün ərazilərdən çıxarılması tələb edilib, yurdlarından didərgin düşmüş şəxslərin öz torpaqlarına geri dönməsi hüququ təsdiqlənib”.

 

oqtay02

O. Əsədov qeyd edib ki, münaqişənin nizama salınması ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır: “Həmsədrlərin irəli sürdüyü və Azərbaycan tərəfindən qəbul edilmiş Madrid prinsipləri də münaqişənin nizama salınmasına yönəlib. Təəssüf ki, münaqişənin həll edilməsi üçün bugünədək göstərilən beynəlxalq səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib. Hər kəsə aydın olmalıdır ki, vəziyyətin bu cür qalması, münaqişənin nizama salınmaması nəinki Cənubi Qafqaz regionunda, həm də bütün dünyada sülh və sabitlik üçün təhlükə törədir. Bunu aprel ayının əvvəlində cəbhə xəttində baş verən hadisələr bir dah sübut edir. Ermənistan silahlı qüvvələri növbəti silahlı təxribata əl ataraq cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrini atəşə tutublar, Azərbaycan Silahlı Qüvvələri dinc sakinlərin təhlükəsizliyini təmin etmək üçün cavab tədbiri görməyə məcbur olub. Genişmiqyaslı hərbi əməliyyatlar çoxsaylı insan tələfatına və dağıntılara gətirib çıxarıb. Pozulmuş atəşkəs rejimi Rusiyanın vasitəçiliyi və səyləri ilə bərpa edilib, fürsətdən istifadə edərək bu köməyə görə Rusiya dövlətinin rəhbərliyinə minnətdarlığımı bildirirəm, aprel hadisələri kövrək atəşkəs rejiminə ümid etməyin nə qədər yanlış olduğunu bir daha sübut etdi. Əminəm ki, bu məsələdə beynəlxalq birlik nəhayət, öz qəti sözünü deməli və münaqişə beynəlxalq hüququn hamı tərəfindən tanınmış prinsip və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həllini tapmalıdır”.

 

oqtay03