“Prezidentin mesajı üzərimizə mühim vəzifələr qoyur” – Deputat
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən I Avropa Oyunları, ictimai davranış qaydaları və ictimai nəzarətə aid QHT layihələrinin icra vəziyyəti müzakirə olunub.
Şuradan Strateq.az-a daxil olan məlumata görə, toplantıda Şuranın I Avropa Oyunları və ictimai davranış qaydaları ilə bağlı 29 QHT-nin layihəsinə 300 min manata yaxın vəsait ayırdıqlarını bildirən Azay Quliyev təşkilatların fəaliyyətlərini media ilə yaxından əməkdaşlıq səviyyəsində qurmalı olduğunu deyib:
“Cənab prezident İlham Əliyev 27 may 2015-ci il tarixli çıxışında bir daha bütün dövlət strukturlarının fəaliyyətinə ictimai nəzarətin artırılmasının vacibliyini vurğulayıb. Bütövlükdə cəmiyyətə verilən bu mesaj QHT-lərin də üzərinə mühüm vəzifələr qoyur. Biz QHT-lərin I Avropa Oyunları, ictimai davranış və mədəniyyət qaydaları ilə bağlı onlarla layihəsini dəstəkləmişik. Görülən yüksək səviyyəli hazırlıqlara baxmayaraq ölkəmizə səfər edəcək əcnəbilərdə nəqliyyatda, yaxud hansısa xidmət sahəsində rastlaşa biləcəkləri uyğunsuz hərəkətlərin və problemlərin Azərbaycan haqqında mənfi rəy formalaşdırmasına imkan verməməliyik. QHT-lər narahatlıq doğuran ictimai davranış qaydaları ilə bağlı maaarifləndirmə işini gücləndirməli və mövcud problemlərlə bağlı real təkliflərlə çıxış etməlidirlər”.
Tədbirdə çıxış edən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov I Avropa Oyunları ərəfəsində DYP ilə yanaşı QHT-də ictimai davranış və yol hərəkəti qaydaları ilə bağlı təbliğat və maarifləndirmə prosesində yaxından iştirak etdiyini deyib.
Strateq.az