XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 23:03

Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumuyla bağlı Forum keçirildi:"Dəyişikliklər üçün nə etməli?"

forum-1

Vətəndaş Cəmiyyətini Müdafiə Komitəsinin təşkilatçılığı ilə aprelin 19-da Bakı Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanda vətəndaş cəmiyyətinin çağdaş durumu: dəyişikliklər üçün nə etməli?” mövzusunda forum keçirilib. Forumun işinə 100-dək QHT və KİV nümayəndəsi, həmçinin bir sıra ölkələrin səfirliklərinin nümayəndələri də qatılıblar.

Forumda 3 istiqamətdə araşdırmalar təqdim olunub. Təqdimatlarda son illər ərzində həm QHT-lərin, həm də KİV-lərin qarşılaşdığı problemlər, onların həllini çətinləşdirən əsas hüquqi baryerlər və tənzimləyici orqanların yaratdığı maneələrdən bəhs olunub. 
Müzakirələrdə vətəndaş cəmiyyəti institutlarının durumu, inkişaf perspektivləri, bu perspektivlərə müxtəlif istiqamətlər çərçivəsində baxışlar açıqlanıb. Bununla yanaşı, Forum siyasi məhbuslar məsəsini də müzakirə edib və onların azadlığı üçün çağırışlarını səsləndirib.

Tədbirin moderatoru, “ Azərbaycan Demokratiya və Rifah” Hərəkatının rəhbəri Qubad İbadoğlu vətəndaş cəmiyyəti institutlarının mövcud durumunu dəyərləndirərək, bu Forumu hakimiyyətin vətəndaş cəmiyyəti instututları ilə əməkdaşlığı üçün yeni şans və dəyişikliklər üçün start adlandırıb. O qeyd edib ki, hazırkı situasiyada müşahidə olunan bəzi müsbət dəyişikliklər vətəndaş cəmiyyətinin inkişafına keçid dövrünün başlanğıcı ola bilər. Lakin bu dəyişikliklərin dayanıqlı və uzunmüddətli olması üçün onun geniş müstəvidə tətbiq olunması, bütün vətəndaş cəmiyyəti institutlarını əhatə etməsi, eləcə də mövcud QHT qanunvericiliyində əsaslı dəyişikliklərin aparılması zəruridir. Odur ki, QHT-lər üçün yeni və vahid baza qanunu işlənilməli, bütün ziddiyyətli və mühafizəkar qaydalar, o cümlədən qrantların və xarici donorların qeydiyyatı ləğv olunmalı, yerli və xarici QHT-lərin fəaliyyət mühiti yaxşılaşdırılmaldır. “Sivil toplum institutları cəmiyyəti birləşdirən qüvvədir və buna görə də onun məqsədi mövcud problemləri təqdim etmək və onları aradan qaldırmaq üçün tövsiyələr verməkdən ibarətdir” – deyə Q. İbadoğlu bildirib ki, VCMK bu istiqamətdə müzakirələri davam etdirəcək.

sefir-1

Forumda çıxış edən Norveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Baard İvar Svendsen də çıxışında vətəndaş cəmiyyətlərinin inkişafının zəruriliyinə diqqət çəkib və bunun hər bir dövlətin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Hər bir dövlətin inkişafı və möhkəmlənməsi üçün vacib olan şərtlərdən biri güclü vətəndaş cəmiyyətinin mövcudluğudur. Norveçin bu məsələdiki mövqeyi bəllidir. Təmsil etdiyim dövlət bu istiqamətdə aktiv siyasət yürüdür. Norveç Azərbaycanı demokratik dövlət kimi görmək istəyir. Norveç demokratik dövlət quruculuğunda Azərbaycana dəstək verməyə hazırdır. Norveçin Azərbaycandakı səfirliyi də ölkədəki vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq edir”.

forum-2

“Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl xatırladıb ki, bəzi qeyri-hökumət təşkilatları nümayəndələrinin ölkədən çıxışına qoyulan qadağa götürülüb: “Bu, müsbət haldır. Müsbət hallar olmaqla yanaşı, bir sıra mənfiliklər də var. Biz istəyirik ki, belə problemlər olmasın”.

Ş.İsmayıl vurğulayıb ki, Azərbaycandakı qeyri-hökumət təşkilatları ölkənin adının mənfi istiqamətdə hallanmasına razı deyil: “Biz beynəlxalq arenaya da çıxmalıyıq. Bunun üçün bizim resursumuz olmalıdır, buna şərait yaradılmalıdır. Resurs olmadığı təqdirdə işlərin görülməsi çətinləşir”.

“Azərbaycanda medianın çağdaş durumu: son dəyişikliklər və gözləntilər” mövzusunda çıxış edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, Azərbaycanda media idarə olunur: “Dövlət medianın müstəqil olmasında maraqlı olmalıdır. Fikir və ifadə azadlığı, jurnalistin təhlükəsizliyi çox önəmli məsələdir”.

Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva insan hüquqlarının vəziyyətindən danışıb.

forum-elim

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası nəzdində Hüquq və Monitorinq Komissiyasının rəhbəri Əliməmməd Nuriyev bildirib ki, yaxın vaxtlarda vətəndaş cəmiyyəti sahəsində Milli Fəaliyyət Planı ictimaiyyətə təqdim olunacaq. O həmçinin deyib ki, hasilat sənayesində şəffaflıq Koalisiyasına daxil olan bəzi QHT-lərin bank hesablarından həbslər götürülüb, bir sıra vətəndaş fəalının xaricə getməsinə qoyulan qadağa aradan qaldırılıb və başqa məsələlər də həll edilir. Əliməmməd Nuriyev həmçinin deyib ki, qrantların qeydiyyatı ilə bağlı məsələlə də yenidən baxıla bilər: “Qeyri-hökumət təşkilatlarının qeydiyyatlarının sadələşdirilməsi məsələsinin də müzakirəyə çıxarılması planlaşdırılır”.

gulsel-1

Sonra çıxış edən Azərbaycan Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin məsləhətçisi Gülsel Səfərova deyib ki, hökumət vətəndaş cəmiyyətilə əlaqələrə həmişə önəm verib. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi gündən vətəndaş cəmiyyəti ilə dialoq aparılıb, onların fəaliyyətinə dəstək verilib: “Hökumət xeyli qeyri-hökumət təşkilatlarına qrant verir. Bunun nəyi pisdir ki?!”

G.Səfərova qeyd edib ki, Azərbaycanda bəzi həbs olunan şəxsləri “siyasi məhbus” adlandırırlar, lakin bu, doğru yanaşma deyil:““Siyasi məhbus” anlayışı hər ölkədə bir cür başa düşülür. Yəni, həbs olunan şəxslər nəyə əsasən “siyasi məhbus” adlandırılırlar? Azərbaycan, ümumiyyətlə, siyasi məhbus məsələsini qəbul etmir. Ölkədə sözə, fikrə görə həbs olunan yoxdur. Ölkədə istər siyasi, istərsə də medianın azad fəaliyyət göstərməsi üçün mühit mövcuddur”.

Onun çıxışı bu yaxınlara qədər siyasi məhbus sayılan Hilal Məmmədov, Əvəz Zeynallı, Oqtay Gülalıyevin kəskin etirazına səbəb olub.

evez-1

"Xural” qəzetinin və xural.com saytının baş redaktoru, keçmiş siyasi məhbus Əvəz Zeynallı G.Səfərovaya müraciətlə bildirib: “Zalda ən az 4 siyasi məhbus var və onlardan biri də mənəm. Nə məndən narkotik maddə tutulub, nə də hər hansı bir cinayət törətməmişəm. Məni bu hakimiyyətin 15 illik deputatının quru ərizəsilə həbs ediblər, məhkəmə haqqımda 9 il azadlıqdan məhrumetməylə bağlı hökm çıxarıb. Məhkəmə salonlarında səsimiz batana qədər qışqırdıq. Amma haqq səsimizi eşidən olmadı. Avropa səsimizi eşitdi, dünya səsimizi eşitdi və bizi “siyasi məhbus” olaraq tanıdı. Siz isə hələ də bu düşüncə ilə iddia edirsiniz ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda siyasi məhbusların sayı onlarla yox, minlərlədir və biz orada olanda bunun dəfələrlə şahidi olmuşuq”.

Digər sabiq siyasi məhbus – H.Məmmədov da özünü uydurma ittihamın və ədalətsiz məhkəmə qərarının qurbanı hesab edib. O qeyd edib ki, belə ittihamlar digər jurnalistlərə və vətəndaş fəallarına qarşı da irəli sürülüb.

Qeyd edək ki, tədbirin sonunda Forum qətnamə qəbul edib.

Qətnamədə vətəndaş cəmiyyətinin dövlət quruculuğunda və cəmiyyətin inkişafında tam iştirak edə bilməsi üçün hakimiyyət QHT və KİV-in fəaliyyəti yolundakı maneələri aradan qaldırmağa çağırılır.

Qətnamə beş bloku əhatə edir: qanunvericilik, fəaliyyət şəraiti, insan hüquqları, söz azadlığı, siyasi məhbuslar problemi.

Əsasən qətnamədə qanunvericiliyə yenidən baxılmasına, QHT-lərin və beynəlxalq donorların fəaliyyəti üçün məhdudiyyətlərin aradan qaldırılmasına, həmçinin vətəndaş cəmiyyəti institutlarının harmonik inkişafı üçün şəraitin yaradılmasına dair proqramın hazırlanması ilə bağlı onlarla dialoq üçün Milli Fəaliyyət Planının qəbuluna çağırılır.

Sənəd müəllifləri insan hüquqlarının tam şəkildə reallaşması – vətəndaş fəallarına, siyasi funksionerlərə təzyiqlərə son qoyulması, hərəkət və toplaşma azadlığına məhdudiyyətin aradan qaldırılması üçün şəraitin yaradılmasına çağırırlar.

Bundan əlavə, söz azadlığının və müstəqil KİV-in davamlı inkişafının təmin edilməsi, söz azadlığı və KİV-ə bütün qanunverici məhdudiyyətlərin aradan qaldırılması, diffamasiya haqqında qanunun qəbulu, həbsdə olan jurnalistlərin və blogerlərin azadlığa buraxılması, jurnalistlərə qarşı cinayət təqiblərinə son qoyulması, KİV-in iqtisadi müstəqilliyinin əsaslarının inkişafı üçün şəraitin yaradılması irəli sürülür.

Qətnamədə qısa müddətdə bütün siyasi məhbusların azadlığa buraxılmasına çağırılır.