XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 12:17

Əli Həsənov BMT-də:Dünyanı narkomafiyaya qarşı mübarizə usullarını dəyişməyə çağırdı

 

eli bmt

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyası keçirilir.

Ölkəmizi bu tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Xüsusi tədbirdə bir sıra ölkələrin dövlət başçıları, administrasiya rəhbərləri, narkomanlığa qarşı mübarizə qurumlarının rəhbərləri və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.

Aprelin 19-da başlayan üç günlük sessiya narkomafiya ilə uzun illər mübarizə aparan Kolumbiya, Meksika və Qvatemalanın təşəbbüsü ilə keçirilir.

Sessiyanın açılışında bir neçə gün öncə Ekvadorda baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Həsənov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra BMT-nin hər üç müvafiq konvensiyasına qoşulduğunu, ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan müvafiq sahədə BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi ilə sıx əməkdaşlıq edir.

Əli Həsənov qeyd edib ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır, çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir. Bu xüsusda, BMT Baş Məclisinin 30-cu xüsusi sessiyasında qəbul olunacaq yekun sənəd bu bəlaya qarşı dünya ölkələrinin ümumi mübarizəsinin təşviqində önəmli rol oynamalıdır.

Sonra Əli Həsənov Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolunu qeyd edib.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının ərazisinin 20 faizının işğal olunduğunu qeyd edən Baş nazirin müavini ölkənin 10 milyon əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb. Həmçinin təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometrinin Ermənistanın nəzarəti altında olduğunu vurğulayıb. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələrin əkilib-becərilməsi, xüsusi laboratoriyalarda emal edilməsi və müxtəlif ölkələrə göndərilməsi qeyd olunub.

Nümayəndə heyətinin rəhbəri deyib ki, bu problemlə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi durur və bununla əlaqədar, Azərbaycan Respublikası dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Əli Həsənov bundan sonra da Azərbaycan Respublikasının narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

eli bmt02