XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 12:23

Rusiya Strateji Araşdırmalar İnstitutu:“Moskvanın Cənubi Qafqazla bağlı ayrıca strategiyası yoxdur”

qudsi

Moskvada “Qlobal çağırışlar və təhdidlər kontekstində Rusiyanın Qafqazda strategiyası” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Rusiya Strateji Araşdırmalar İnstitutunun təşkilatçılığı ilə keçirilən konfransda ekspertlər, Azərbaycan, Gürcüstan, Ermənistan nümayəndələri iştirak ediblər.

Tədbirdə "Rusiyanın Qafqazla bağlı strategiyası mövcuddurmu?" məruzəsi ilə çıxış edən Rusiya Strateji Təhqiqatlar İnstitutunun direktor müavini Tatyana Quzenkova bildirib ki, Rusiyanın Qafqazla bağlı ayrıca doktrina şəklində strategiyası mövcud deyil. O deyib: "Bu region üçün strategiya dövlətin ümumi doktrinası, xarici siyasət və milli təhlükəsizlik konsepsiyası çərçivəsində həyata keçirilir. Cənubi Qafqaz ərazisi bu strategiya üçün ayrıca obyekt kimi seçilməyib, ümumilikdə Rusiyanın MDB ölkələri ilə bağlı strategiyasının daxilində yer alıb".

Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov “Azərbaycan-Rusiya münasibətləri müasir mərhələdə” mövzusunda çıxışında qeyd edib ki, Azərbaycan suveren ölkə kimi qonşu dövlətlərlə, o cümlədən, Rusiya və Türkiyə ilə dostluq münasibətləri qurur. Azərbaycan-Rusiya strateji əməkdaşlıq münasibətlərindən danışan diplomat bu münasibətlərin ümumilikdə regional təhlükəsizliyin bünövrəsini təşkil etdiyini bildirib.

Q.Osmanov konfrans iştirakçılarının diqqətini Dağlıq Qarabağda baş verən son hadisələrlə bağlı məlumatların Rusiya informasiya məkanında birtərəfli və qeyri-obyektiv işıqlandırılmasına yönəldib. Bunun Rusiya hakimiyyətinin rəsmi mövqeyinə zidd olduğunu qeyd edən diplomat deyib: "Rusiya televiziya məkanındakı bu cür təbliğat Azərbaycan cəmiyyətində Rusiyanın məlum münaqişə ilə bağlı ədalətli mövqeyinin yanlış anlaşılmasına səbəb olur”.

 

Diplomat Rusiyanın cənubunda terrorçuluq və radikalizmə qarşı mübarizədə Azərbaycanın sabit müttəfiq olduğunu və Rusiyanın cənub sərhədlərinin təhlükəsizliyini təmin etdiyini də xatırladıb.

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icraçı direktorunun müavini Samir Məmmədov məruzəsində Rusiyada yaşayan azərbaycanlıların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə toxunaraq deyib: "Bu gün Rusiyada iki milyonluq Azərbaycan icması və çoxmilyonlu erməni icması yaşayır. Əminəm ki, azərbaycanlılar və ermənilərin qarşılıqlı münasibətlərinin Rusiya təcrübəsi Dağlıq Qarabağ ərazisində də tətbiq oluna bilər. Bütün hallarda, gec-tez işğal altındakı Azərbaycan ərazilərindən qovulmuş 700 min azərbaycanlı qaçqın öz doğma yurduna qayıtmalıdır və iki icmanın birgə yaşayışı üçün formul işlənib hazırlanmalıdır. Monoetnik Ermənistandan fərqli olaraq, çoxmillətli Azərbaycan, Rusiya kimi etnos və xalqların birgə yaşayışı üçün nümunə ola bilər. Bir etnosun digər etnoslarla birgə yaşamaq arzusunda olmaması dövlətin parçalanmasına səbəb olmamalıdır və bu, çox təhlükəli tendensiya hesab olunur. Xalqların öz müqəddəratını təyinetmə prinsipi onlara ayrılmağa haqq vermir. Azərbaycanın mövqeyi hər iki prinsipi pozmadan birləşdirməyə imkan verir. Danışıqlar prosesində əsas səylər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının birgə yaşayışının həllinə yönəldilməlidir. İki icmanın birgə yaşayışının Rusiya təcrübəsi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox qiymətli modeldir".