XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 20:48

Naxçıvan Ali Məclisində qəbul –Vasif Talıbov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşdü (FOTO)

vasif-turkiye

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Cirit və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan Ali Məclisin Sədri onları Naxçıvanda görməkdən məmnunluğunu bildirib.

Naxçıvanın muxtariyyət tarixi, dövlət quruluşu, əhalisi, sərhədləri və sosial-iqtisadi inkişafı haqqında məlumat verən Ali Məclisin Sədri deyib ki, Ermənistanın işğalçılıq siyasətinə baxmayaraq ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan qorunub saxlanılıb və ölkəmizin hərtərəfli inkişafının əsası qoyulub. Hazırda Azərbaycan Prezidenti tərəfindən bu yol uğurla davam etdirilir, Naxçıvanın təhlükəsizliyinə və inkişafına xüsusi diqqət yetirilir.

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı uğurlu əməkdaşlıqdan danışan və qardaş ölkəyə səfərini xatırladan Ali Məclisin Sədri Naxçıvanın türk dünyasının qapısı kimi mühüm strateji mövqeyə malik olduğunu diqqətə çatdırıb, Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşünün Naxçıvanda keçirildiyini və burada “Naxçıvan” bəyannaməsinin qəbul olunduğunu, əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirildiyini bildirib.

Ali Məclisin Sədri Türkiyə Respublikası Ali Məhkəməsi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin muxtar respublikaya səfərinin də əlaqələrin inkişafı baxımından faydalı olacağına əminliyini ifadə edib.

Nümayəndə heyətinə göstərilən səmimi münasibətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edən Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Azərbaycana səfəri müddətində bir sıra görüşlər keçirdiyini bildirib. Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə müşahidə olunan inkişafın məmnunluq doğurduğunu bildirən qonaq qeyd edib ki, məhkəmə-hüquq sistemində qarşılıqlı fəaliyyətin genişləndirilməsi əməkdaşlıq üçün yeni imkanlar açacaqdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Nihat Ərşən görüşdə iştirak ediblər.

Azertac