XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 16:15

Səməd Seyidov:"Azərbaycanla Avropa Şurası arasında münasibətlər konstruktiv şəkildə irəliləyir"

 

"Azərbaycanla Avropa Şurası arasında münasibətlər normal və konstruktiv şəkildə irəliləyir".

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞ PA-nın yaz sessiyasının Azərbaycan üçün əhəmiyyətinə münasibət bildirərkən deyib.

S.Seyidov vurğulayıb ki, sessiyada Azərbaycan qurumun və bir çox ölkələrin dəstəyini qazandı:

"Burada Avropa Şurasının rəhbərliyində olan insanların, qurumun Monitorinq Komitəsinin bəyanatlarını, Azərbaycanda insan hüquqlarının, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı səsləndirilən fikirləri qeyd etmək lazımdır. Azərbaycanın ən əsas problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanatlar, Avropa Şurasına gələn və çıxış edən qonaqların, o cümlədən Türkiyə Baş nazirinin, Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələrinin, yaxud digər dövlətlərinin rəsmi şəxslərinin Azərbaycanın ərazi bütövlüyünün qorunması ilə bağlı çıxışları və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması barədə bəyanatları xüsusi qeyd edilməlidir".

S.Seyidov Azərbaycan nümayəndə heyətinin üzvlərinin sessiya çərçivəsində fəaliyyətini də müsbət qiymətləndirib:

"Azərbaycan nümayəndə heyətinin üzvlərinin sessiya çərçivəsində fəaliyyətlərini, məruzələrini, çıxışlarını da müsbət qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycanla Avropa Şurası arasında münasibətlər normal və konstruktiv şəkildə irəliləyir".

Trend