Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ilə “ASAN School” könüllülük proqramının “İnnovativ idarəetmə” layihəsi çərçivəsində keçirilən görüşdə “ASAN” xidmətin könüllülərinin TQDK-nın keçirdiyi imtahanlarda nəzarətçi kimi iştirakı qərara alınıb.
Prosesdə iştirak üçün “ASAN” xidmət tərəfindən Bakıda beş mərkəz və Sumqayıt, Gəncə, Sabirabad, Bərdə mərkəzləri üzrə ümumilikdə 259 könüllünün siyahısı TQDK-ya təqdim olunub.
TQDK-dan bildiriblər ki, məlumatlar elektron bazaya daxil edildikdən sonra növbəti mərhələlərdə könüllülərlə test imtahanlarının texnologiyası, imtahanların gedişinə dair prosedur qaydaları ilə bağlı seminar-məşğələlərin keçirilməsi, onların sınaq imtahanlarına cəlb edilməsi nəzərdə tutulur. “ASAN” könüllülər bu mərhələləri keçdikdən sonra qəbul və buraxılış imtahanlarına da cəlb olunacaqlar.