XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

09 Mart 2015 - 20:29

4 il Azərbaycanda yaşamış Gevorkyanlar ailəsinə cinayət işi açıldı

Ermənistanın Milli Təhlükəsizlik Xidməti 4 il əvvəl Azərbaycana qaçan və ötən ilin dekabrında geri qaytarılan Gevorkyanlar ailəsinə qarşı cinayət işi qaldırıb.

Virtualaz.org saytı xəbər verir ki, ər-arvad Yegişe və Ruzanna Gevorkyanlar dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunur.

Gevorkyanlar ailəsi 2010-cu ilin yanvarında Naxçıvan istiqamətindən Ermənistan-Azərbaycan sərhədini keçib və Azərbaycandan sığınacaq istəyib. Ermənistanda təqib olunduqlarını və sıxışdırıldıqlarını, yaşamaq imkanından məhrum olduqlarını bildirən ailə 4 il Azərbaycanda saxlanılıb. üçüncü ölkəyə getmək istəsələr də onları qəbul etməyə hazır olan ölkə tapılmayıb.

Ailə başçısı Ermənistanda müxtəlif cinayətlərə görə 7 dəfə məhkum olunub və Azərbaycana qaçarkən ağır cinayətdə şübhəli bilinirdi.

Erməni mənbələri bildirir ki, indi Gevorkyanlara qarşı qaldırılmış cinayət işinə əsasən onları ən çoxu 3 il həbs gözləyir. Ailə bu ittihamla bağlı şərh verməyib.

Xatırladaq ki, Ermənistana qaytarılandan sonra Yegişe Gevorkyanı kameraların qarşısına çıxarıblar. Erməni residivist Azərbaycanda saxlanılarkən “qəddar rəftara məruz qaldıqlarını”, “hər gün siçovullar gəmirən toyuq əti yeməli olduqlarını” demişdi.

Lakin Ermənistanda həkimlərin apardığı müayinə zamanı məlum olmuşdu ki, 4 il Azərbaycanda “qəddar rəftar”la üzləşən ailənin üzvlərinin səhhətində heç bir problem yoxdur.