XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2016 - 20:50

Ehtiyatda olan polkovnik-leytenanta “Hərbi xidmətlərə görə”medalı təqdim edildi

Moskvada səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ehtiyatda olan polkovnik-leytenant Sergey Uvarova “Hərbi xidmətlərə görə” medalı təqdim edib. Mükafat haqqında şəhadətnamə mərhum prezident Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanıb.

Sergey Vladimiroviç Uvarov Azərbaycanın bu yüksək mükafatına Azərbaycan Respublikası Silahlı Qüvvələrinin möhkəmləndirilməsi işində göstərdiyi igidlik, cəsarət və vicdanlı münasibətə görə layiq görülüb.

Medalı təqdim edərkən Azərbaycan müdafiə nazirinin müavini Kərim Vəliyev qeyd edib ki, SSRİ-nin süqutundan sonra sovet ordusunun Azərbaycanda xidmət keçən bir çox zabitləri öz yoldaşlarını darda qoymayıb. K.Vəliyev deyib: “Müstəqilliyinin ilk illərində Azərbaycan Ermənistan tərəfdən təcavüzə məruz qalıb. Bu dövrdə sovet ordusunun Azərbaycanda xidmət edən bir çox zabitləri Azərbaycan xalqı ilə birgə Vətənimizin bütövlüyünü, suverenliyini və müstəqilliyini müdafiə edirdilər. Onlardan biri Sergey Uvarov idi. Mənim üçün döyüş yoldaşı kimi Sergey Vladimiroviçə bu yüksək dövlət mükafatını təqdim etmək böyük şərəfdir”.

K.Vəliyev S.Uvarova Azərbaycan müdafiə nazirinin adlı saatını təqdim edib.

Yüksək mükafata görə Azərbaycan dövlətinə minnətdarlığını bildirən Sergey Uvarov qeyd edib ki, Azərbaycanın müstəqillik əldə etməsindən sonra Azərbaycan Ordusunda xidmət etməyə başlayıb. O deyib: “Birgə xidmət etdiyim bir çox dostlar Azərbaycanı tərk etmədi və biz birlikdə silahlı qüvvələri yaradırdıq. Çox xoşbəxtəm ki, indi Azərbaycanla Rusiya arasında yaxşı, səmimi münasibətlər var. Xalqlarımıza sülh və inkişaf diləyirəm”.

S.Uvarov vurğulayıb ki, Dağlıq Qarabağda baş verən hadisələri diqqətlə izləyir. Ehtiyatda olan zabit fikrinin davamında deyib: “Məncə, Qarabağ tarixən həmişə Azərbaycana məxsus olub və həmişə də Azərbaycan Respublikasının tərkibində qalmalıdır. Azərbaycan Ordusu indi daha güclüdür. Son hadisələr sübut etdi ki, o döyüş qabiliyyətlidir, qarşısına qoyulan vəzifələrin öhdəsindən gələ bilər” (azərtac).